Nağıllar, hekayələr

Əziz Sultan. Dovşanın yerkökü ilə imtahanı

Dovşan yol ilə gedirdi. Birdən yolun ortasında bir yerkökü gördü. Sağa baxdı, sola baxdı, heç kim yox idi. Öz-özünə danışmağa başladı:

 

— Yolun ortasında yerkökünün nə işi var? Yəqin, kimsə bostandan yerkökü çıxarıb aparanda torbasından düşüb.

 

Yerkökünü götürüb yeyə-yeyə yoluna davam etdi.

 

Səhəri gün dovşan həmin yerdən keçəndə yenə eyni yerdə dünənkindən də böyük bir yerkökü gördü. Yenə öz-özünə dedi:

 

— Bu bostan haradadır, bilmirəm. Amma onu bilirəm ki, sahibi çox axmaq adamdır. Torbasındakı deşikdən xəbəri yoxdur.

 

Götürüb xırçıldatdı, həvəslə qarnına endirdi.

 

Bundan sonra dovşan hər gün həmin vaxt həmin yoldan keçməyə başladı. Artıq əmin idi ki, hər gün orada yerkökü tapacaq. Belə də olurdu. Hətta bəzən iki dənə, üç dənə yerkökü tapırdı. Dovşan gəlir və sanki öz əli ilə qoyubmuş kimi yerkökünü götürüb yeyə-yeyə gedirdi. Hər görəndə də belə deyirdi:

 

— Bostançının torbasındakı deşik yaman böyüyüb.

 

Yerkökü gündən-günə yerini bir-iki addım dəyişsə də, bir az axtardıqdan sonra onu rahatlıqla tapa bilirdi. Beləliklə, yerkökü onu yavaş-yavaş yoldan uzaqlaşdırıb iki qayanın arasına gətirdi.

 

Dovşan yenə hərgünkü kimi yerkökünü götürmək üçün qayaların yanına getdi. Bu dəfə yerkökü lap dibə, iki qayanın bir-birinə bitişdiyi yerə düşmüşdü. Sağa baxdı, sola baxdı, heç kimi görməyincə qayaların arasına girdi və gedib yerkökünü götürdü. Ondan bir dişlək alıb iki ayağı üstə qalxdı və oradan çıxmaq üçün geri çevrildi. Heç ağzındakı dişləyi uda bilmədən tir-tir əsməyə başladı.

 

İki qayanın bağladığı yolun o biri başında böyük bir tülkü dayanmışdı. O, özündənrazı halda hiyləgər baxışları ilə dovşanı süzürdü. Tülkünün əlində boş bir torba var idi. Torbanın ağzını açaraq dedi:

 

— Bu torbadakı bütün yerköküləri sənin üçün xərclədim. İndi növbə sənindir. Gəl torbaya gir, yerkökülərin əvəzini ödə!

 

Dovşan başa düşdü ki, ehtiyatsızlıq edib. Günlərdir, tülkünün hazırladığı plana aldanıb. Zəhmətsiz əldə edilən malın səfası elə bu qədər olarmış!