Nağıllar, hekayələr

Dino Bussati. Kolombr

Stefan Royinin on iki yaşı olanda ad günü hədiyyəsi kimi kapitan atasının yelkənli gəmisində onunla dəniz səyahətinə çıxmaq istədi. O, atasına:

 

— Mən də böyüyəndə sənin kimi dəniz səyahətlərinə çıxacağam. Üstəlik, səninkindən daha böyük və daha gözəl gəmilər idarə edəcəyəm, — dedi.

 

— Allah səni qorusun, — dedi atası və o günkü səyahətə oğlunu da apardı.

 

Günəşin işıl-işıl işıldadığı, dənizin sakit olduğu günlərdən biri idi. İndiyədək gəmiyə minməyən Stefan şən halda onun hər guşəsini gəzir, yelkənlərin küləyə qarşı hərəkətini izləyirdi. Dənizçilərə ard-arda suallar yağdırır, onlar da gülümsəyərək cavab verirdilər.

 

Gəminin arxa tərəfinə gələndə uşaq yerindəcə donub qaldı. Gəminin dənizdə buraxdığı izin içindən suya batıb çıxan bir şey iki yüz-üç yüz metr uzaqdan onları izləyirdi.

 

Gəminin güclü küləyə qarşı irəliləməsinə baxmayaraq, o nəsnə aradakı məsafəni saxlamağı bacarırdı. Uşaq onun nə olduğunu anlamasa da, nəsə dərin bir duyğu gördüyü bu şeyə qəlbini bağladı.

 

Stefanı ortalıqda görməyən atası bir neçə dəfə onu çağırdı, ancaq əbəs yerə, heç bir qarşılıq almadı. Kapitan tez göyərtədən endi və oğlunu axtarmağa başladı. Oğlunun gəminin arxa tərəfində daş kimi dayandığını və gözlərini dalğalardan çəkmədiyini görüncə:

 

— Stefan, niyə ağac kimi quruyub qalmısan? — deyə soruşdu.

 

Stefan:

 

— Ata, bir bura gəl! — dedi.

 

Atası oğlunun göstərdiyi tərəfə baxdı, ancaq bir şey görmədi.

 

— Gəminin yardığı sularda üzən və ara-sıra suyun üzünə çıxıb batan bir şey var, bizi izləyir.

 

Atası:

 

— Qırx yaşı haqlamağıma baxmayaraq, gözlərim yaxşı görür. Amma ha baxıram, gözümə heç nə dəymir, — dedi.

 

Oğlunun təkidini nəzərə alaraq durbinini gətirən kapitan dənizin hər tərəfinə diqqətlə baxdı, baxdı… Stefan atasının üzünün birdən-birə ağappaq ağardığını gördü.

 

— Ata, nə oldu sənə? Üzün nə üçün soldu?

 

— Ah, kaş sənə qulaq asmayaydım, — deyə kapitan zarlandı. — Sənə görə çox narahatam. Suların içindən batıb çıxdığını gördüyün adi bir şey deyil. O, Kolombrdur. Dünyanın bütün dənizlərində var olan, bütün dənizçilərin ən böyük qorxusudur. Qorxunc, sirli, insandan daha hiyləgər dəniz canavarı — köpəkbalığıdır. Bəlkə də, heç vaxt heç kimin bilməyəcəyi səbəblərdən özünə bir qurban seçir və ömrü boyu onun arxasınca gedir — ta ki yeyənəcən. İşin qəribə tərəfi budur ki, onu qurbanından və öz qanından olanlardan başqa heç kim görə bilməz.

 

— Ata, bəlkə, bu, əfsanədir?

 

— Yox, oğlum, mən onu heç görməmişdim. Amma haqqında danışılanları o qədər dinləmişdim ki, dərhal tanıdım. Kərgədan kimi sifət, tez-tez açılıb-bağlanan ağız, qorxunc və iti dişlər. Stefan, heç şübhəsiz ki, Kolombr səni seçdi və nə qədər ki dənizlərdən sahilə qayıdacağıq, sən düşəcəksən və nə olur-olsun, bir də heç vaxt dənizə qayıtmayacaqsan. Mənə söz ver. Atanın peşəsi sənlik deyilmiş, oğlum. Qədərinlə barış. Qaldı ki, çörək puluna, onu quruda da qazana bilərsən.

 

Kapitan sözünü deyib tez sükanı limana sarı döndərdi, oğlunun qəfil xəstələndiyini bəhanə edib onu sahilə endirdi, sonra yenidən dənizə yön aldı.

 

Dərin bir sarsıntı içində çaşıb qalan Stefan gəmi gözdən itənədək arxasınca hey baxdı. Dəniz artıq tamam bomboş idi. Lakin diqqətlə baxanda Stefan dənizin üzünə çıxıb batan qara nöqtəni sezə bildi. Bu, “onun” Kolomb­ru idi, gah aşağı, gah yuxarı üzərək israrla yolunu gözləyirdi.

 

O gündən sonra qarşısına çıxan bütün həyati gerçəkliklər Stef­anı dəniz sevgisindən uzaqlaşdırdı. Atası onu dənizdən yüzlərlə kilometr uzaqda yerləşən bir məktəbə yazdırdı. Yeni mühit, tanışlıqlar, təzə dostluqlar Stefanın başını qatdı, ona dəniz canavarını unutdurdu. Amma bir gün…

 

Yay tətili idi. Stefan evlərinə qayıdar-qayıtmaz əlinə düşən ilk fürsətdə dəniz sahilinə qaçdı, limanın kənarında dayandı. Ta uşaqlıqdan qorxunduğu o canlının boş bir şey olduğuna özünü inandırsa da, yoxlamaq istəyirdi… Gözlərini dənizə dikdi. Atasının danışdıqlarının doğru olmadığını yəqin etmək istəyir, Kolombrun artıq onu izləməkdən vaz keçdiyini düşünürdü.

 

Ancaq nə gördü? Stefanın ürəyi hiddətlə, guppultu ilə döyünməyə başladı, az qala yerindən çıxacaqdı. Limandan xeyli aralıda, dənizin düz ortasında həmin lənətə gəlmiş balıq hələ də aşağı-yuxarı üzür, dənizə batıb-çıxır, ara-sıra başını sahilə tərəf çevirirdi. Sanki Stefan Royinin gəlib-gəlməyəcəyini anlamağa çalışırdı.

 

Gecə-gündüz onu gözləyən amansız, düşmən canavarın varlığı Stefanın bütün rahatlığını əlindən aldı. Dənizdən neçə kilometr aralıdakı kənddə belə, gecənin bir yarısı narahatlıq içində oyanırdı. Düzdür, indi təhlükəsiz yerdə idi, dənizlə arasında yüzlərlə kilometr məsafə vardı, fəqət meşələrin, ovalıqların, dağların arxasında qorxunc bir köpəkbalığı onun yolunu gözləyirdi. Stefan dünyanın ən uzaq qitəsinə getsə belə, Kolombr oranın ən yaxınlığındakı dənizə üzüb tükənməz inad və israrla onu gözləyəcəkdi…

 

Ciddi və həvəskar uşaq kimi Stefan təhsilini uğurla başa vurub kəndin böyük iş mərkəzlərinin birində sayılıb-seçilən, hörmətli, imkanlı bir iş adamı oldu. Bu vaxt atası xəstələnib dünyasını dəyişdi, onun gözəl yelkənli gəmisini dul arvadı satdı, oğlu isə bütün mirasa sahib oldu. Stefan artıq özünə iş, dostluqlar, əyləncələr, məhəbbətlərlə dolu yeni bir həyat qurmuşdu. Ancaq düşmən Kolombrun fikri onu amansız, sehrli bir xəyalət kimi izləyir, üstəlik, solub getməkdənsə daha da inadla boy atıb güclənirdi.

 

İşgüzar, rahat bir həyat insanı təmin edir, fəqət dərin uçurumun həyəcanı daha cazibəli görünür. Stefan iyirmi ikinci doğum günündə dostları ilə vidalaşdı, işindən istefa verdi, doğulduğu kəndə qayıdıb atasının peşəsini davam etdirmək istədiyini anasına söylədi. Stefan anasına sehrli köpəkbalığından bəhs etməmişdi deyə, o, oğlunun bu qərarını sevinclə qarşıladı. Oğlunun dənizləri tərk edərək ucqar kəndə çəkilməsini ailə ənənəsinə xəyanət kimi dəyərləndirdiyindən hələ də qəlbən üzülürdü.

 

Stefan dənizçiliyin çətinliyinə, ruhunun narahatlığına məhəl qoymadan dəniz səyahətinə çıxdı. İstədiyi səmtə üzür, fırtınalı, tufanlı havalarda belə gəminin ardında qalan izlər arasında gecə-gündüz onu təqib edən Kolombru görürdü. Bununla özünün lənətləndiyinə inanır, amma, bəlkə də, elə bu səbəbdən daxilində ondan ayrılmaq gücünü tapa bilmirdi. Üstəlik, gəmidə ondan başqa bu tərs, inadkar köpəkbalığını görən kimsə yox idi.

 

Arabir gəminin ardınca kükrəyən sulara işarə edərək yoldaşlarından:

 

— Burada bir şey görürsünüzmü? — deyə soruşurdu.

 

— Xeyr, heç bir şey görmürük. Nə üçün soruşursan?

 

— Bilmirəm… Sanki… Mənə elə gəldi ki…

 

Dostları gülərək qulaqlarını çəkib:

 

— Olmaya, Kolombr görürsən?

 

— Axı Kolombr heç kimi heç vaxt bağışlamayan, amansız bir dəniz canavarıdır. Əgər bu gəmini izləməyə başlasa, demək, aramızdan birinin axırı çatıb, — deyə fikir bildirirdilər.

 

Stefan isə ondan qorxmurdu. Hər an onu izləyən təhdid gəncin dənizə olan şövqünü, həvəsini qamçılayır, təhlükəli anlarda belə güclənməsinə zəmin yaradırdı.

 

Peşəsinə tamamilə yiyələndiyinə inandığı vaxt atasından qalan mirasla özünə kiçik bir yük gəmisi aldı. Bir sıra sərfəli səfərlər nəticəsində əldə etdiyi pulla böyük yük gəmisinin kapitanı oldu və daha gəlirli hədəflərə doğru irəliləməyə başladı. Ancaq nə qazandığı milyonlar, nə də uğurlar onun ruhunu bürüyən narahatlığı silib ata bilmirdi. Gəmisini sataraq dənizdən uzaqlaşıb başqa işlərlə məşğul olması isə ağlının ucundan belə keçmirdi.

 

Yeganə arzusu dənizlərdə olmaq idi. Uzun səfərlərdən sonra hər hansı limana ayaq basanda belə yenidən dənizə çıxmaq üçün tələsirdi. Dənizdə yolunu gözləyən bir Kolombr var idi və onu məhv etmək istədiyini çox yaxşı bilirdi. Amma bunun heç bir əhəmiyyəti yox idi. Cilovlaya bilmədiyi qarşısıalınmaz bir şövq onu okeandan okeana sürükləyirdi.

 

Beləcə illər ötdü… Stefan qocaldı. Bir gün zamanın hamı kimi ona da acımadığının fərqinə vardı. Ətrafındakılar Stefanın milyonlarla sərvəti olmasına baxmayaraq, hələ də “lənətli” dənizçilik həyatından nə üçün vaz keçmədiyini anlaya bilmirdilər. Qocalmışdı, xoşbəxt deyildi, çünki bütün ömrünü inadkar bir düşməndən qaçaraq dənizlərdə puç etmişdi.

 

Nəhayət, bir axşam doğulduğu kəndin limanına yan aldı… Artıq ölümün yaxınlaşdığını duymuşdu. Buna görə də çox inandığı köməkçisini yanına çağırıb ona bir az sonra edəcəyi şeyə əngəl olmamağı tapşırdı. Köməkçisi şərəf andı içdi.

 

Bu and Stefana rahatlıq gətirdi və yaşadıqlarını köməkçisinə danışmağa başladı. Köməkçisi əlli ildir inadla dostunu izləyən Kolombrun hekayəsini dinlədi.

 

— Dünyanın harasına getdim, məni tək qoymadı, — dedi. — Elə bir sədaqət nümunəsi göstərdi ki, ən yaxın dost belə bunu etməzdi. Artıq ölümüm yaxınlaşıb. O da yaman qocalıb, yəqin ki, illər onu çox yorub. Ona xəyanət edə bilmərəm…

 

Bu sözləri deyib vidalaşdı, gəmidən suya endirdiyi kiçik bir qayığa mindi.

 

— İndi onunla üzləşməyə gedirəm, — deyib kürək çəkməyə başladı. — Onun sarsılmasına yol verə bilmərəm. Amma yenə də son gücümə qədər onunla mübarizə aparacağam.

 

Yorğun qolları ilə kürəkləri var gücü ilə çəkib gəmidən uzaqlaşdı. Dənizçilər və kapitan köməkçisi gecənin qaranlığına bürünmüş durğun dənizdə onun necə uzaqlaşdığını izlədilər. Göy üzünü ay işığı nurlandırırdı.

 

Stefanın çox şey göstərməsinə ehtiyac qalmadı. Kolombr qorxunc siması ilə birdən-birə qayığın yanında peyda oldu.

 

— Nəhayət, yanına gələ bildim, — dedi Stefan, — axır ki, təkbətək qaldıq.

 

Bütün gücünü toplayaraq kürəyini qaldırıb Kolombrun başına vurmaq istədi. Kolombr yalvaran bir səslə:

 

— Ah, sənə çatmaq üçün nə qədər əziyyət çəkdim. Mən də artıq əldən düşmüşəm, gücüm qalmayıb. Nə çox üzürdün məni… Dayanmadan qaçdın, hey qaçdın… Heç nəyi anlamadın.

 

Gözləmədiyi bu sözlər Stefanı ayıltdı. Təmkinlə soruşdu:

 

— Nəyi anlamadım?

 

— Mən, fikirləşdiyin kimi, səni yemək üçün arxanca düşməmişəm. Dənizlər kralının əmri ilə səni axtarırdım. Bax, bunu sənə verməli idim, — deyib qorxunc köpəkbalığı Kolombr dilini çıxararaq qoca kapitana fosforlu bir kürə uzatdı.

 

Stefan kürəni əlinə alıb hər tərəfinə baxdı, bu, inanılmaz böyüklükdə bir mirvari idi. Kapitan sahibinə şans, güc, eşq və könül rahatlığı bəxş edən, adı dildən-dilə düşən həmin Dənizlər İncisini tanıdı. Ancaq artıq çox gec idi.

 

— Ahh! — deyə içini çəkdi qoca kapitan, başını təəssüflə yellədi. — Necə böyük səhv etmişəm. Əbəs yerə həm öz həyatımın, həm də sənin həyatının məhvinə səbəb olmuşam. İkimizi də məhv etdim.

 

— Əlvida, biçara qoca! Əlvida, yazıq kapitan! Əlvida, illərin dostu! — dedi Kolombr və qaranlıq sularda qərq oldu.

 

İki ay sonra dalğaların sahilə qovduğu balaca qayıq qayalığa yaxınlaşdı. Onu görən balıqçılar maraqla qayığın yanına gəldilər. Onun içində bir skelet, barmaq sümükləri arasında isə kiçik, yumru bir daş vardı.

 

Kolombr nadir hallarda gözə dəyən, göründüyü insanın qəlbinə dəhşətli qorxu salan nəhəng bir balıqdır. Dənizçilərin və sahildə yaşayan insanların dilində “kolombr, kahloubra, kalonqa, kalu-balu, çalung-qra” adları ilə qalıb. Təbiət elmləri ilə məşğul olanlar isə onu nədənsə görməzə gəlirlər. Hətta bəziləri onun varlığını inkar edirlər.