Şəmkirin sirli kanyonlarına səyahət
Azərbaycan zəngin təbii landşaftı, rəngarəng relyefi və ecazkar təbiət məkanları ilə seçilir. Bu nadir ünvanlardan biri də Şəmkir rayonunun Ceyrançöl massivində yerləşən kanyonvari dərələrdir. Minilliklər ərzində Kür çayının yaratdığı bu möhtəşəm təbiət abidəsi öz qeyri-adi geoloji quruluşu, sıldırım qayaları və valehedici mənzərələri ilə ölkənin ən maraqlı geoturizm istiqamətlərindən biri hesab oluna bilər.
İlk baxışdan ABŞ və Meksikadakı məşhur kanyonları xatırladan bu möhtəşəm landşaft, əslində, Azərbaycanın qərbində, Ceyrançölün geniş çöl düzənlikləri arasında yerləşir. Günəşin qızmar şüaları altında uzanan quru çöl mənzərəsi qəfil dərin dərələrə, labirintvari keçidlərə və yüzlərlə metr hündürlükdə sıldırım yamaclara çevrilir.
Mütəxəssislərin fikrincə, kanyonvari dərələrin formalaşması təxminən 4-5 min il əvvələ təsadüf edir. Həmin dövrdə Kür çayının daşaraq ətraf əraziləri su altında qoyması, sonrakı minilliklərdə isə su eroziyası, küləyin təsiri və iqlim amilləri bu mürəkkəb relyefin yaranmasına səbəb olub. Bu gün burada müşahidə olunan hər bir yarğan və hər bir sıldırım təbiətin minilliklər ərzində yaratdığı geoloji tarixdən xəbər verir..
Hazırda kanyonvari dərələrin ümumi uzunluğu təxminən 20 kilometr, dərinliyi isə 150–300 metr arasında dəyişir. Yamaclarda görünən pillələr və terraslar müxtəlif süxurların eroziyaya qarşı davamlılığı nəticəsində yaranıb. Məhz bu xüsusiyyətlər Ceyrançöl kanyonlarını yalnız möhtəşəm mənzərə deyil, həm də açıq səma altında yerləşən təbii geologiya muzeyinə çevirir.
Ceyrançöl yarımsəhra və quru çöl iqlim qurşağında yerləşdiyi üçün burada özünəməxsus flora və fauna formalaşıb. Ərazidə dəvətikanı, kəngizotu və digər səhra bitkiləri geniş yayılıb. Müxtəlif sürünənlər, dovşanlar və çöl faunasının digər nümayəndələri bu təbii ekosistemin ayrılmaz hissəsidir. Eyni zamanda, Ceyrançöl Azərbaycanın ən böyük qış otlaq sahələrindən biri kimi də xüsusi əhəmiyyət daşıyır.
Bu nadir məkan ekoturizm, geoturizm və fotoqrafiya həvəskarları üçün geniş imkanlar təqdim edir. Günəşin doğuşu və qürubu zamanı kanyonların rəngi dəyişərək qızılı, narıncı və tünd qəhvəyi çalarlarla bənzərsiz mənzərə yaradır.
Bununla belə, kanyonlara səyahət zamanı təhlükəsizlik qaydalarına ciddi əməl olunmalıdır. Mütəxəssislər bildirirlər ki, gil tərkibli torpaq qatının bəzi hissələrdə sürüşmə riski yaratması, eləcə də ilan, əqrəb və digər çöl canlılarının mövcudluğu səbəbindən əraziyə peşəkar bələdçilərlə səfər etmək və müəyyən olunmuş marşrutlardan kənara çıxmamaq tövsiyə olunur.
23.07.2026