Mədəni irsimiz

Əlincəqala – Azərbaycanın mübarizlik simvolu və dünyanın ikinci “Machu Picchu”su

Əlincəqala Naxçıvanın Culfa rayonunda yerləşən və Azərbaycanın ən möhtəşəm tarixi abidələrindən biri hesab edilən mühüm qala-kompleksdir. Yazılı mənbələrdə qalanın adına ilk dəfə “Kitabi-Dədə Qorqud” dastanında rast gəlinir.

 

Azərbaycan xalqının mübarizlik və vətənpərvərlik simvoluna çevrilən bu qala uzun əsrlər boyu müdafiə istehkamı və yaşayış məntəqəsi kimi istifadə edilib. Əlincəqala 14 il ərzində Əmir Teymurun qoşunlarının hücumlarına müqavimət göstərməsi ilə də tarixə düşüb.

 

Əlincəqala yalnız milli deyil, həm də beynəlxalq əhəmiyyət daşıyan tarixi abidələrdən biri kimi qiymətləndirilir. 2007-ci ildə dünya əhəmiyyətli abidələr sırasına daxil edilib. 2014–2016-cı illərdə aparılan geniş bərpa və konservasiya işlərindən sonra qala açıq səma altında muzeyə və regionun ən mühüm turizm məkanlarından birinə çevrilib.

 

Zirvəyə doğru uzanan pilləkənlər, eləcə də qalanın yüksək mövqeyindən açılan mənzərə — xüsusilə Haçadağ və Araz çayı vadisi ziyarətçilərdə unudulmaz təəssürat yaradır. Möhtəşəm coğrafi yerləşməsinə görə Əlincəqala turistlər tərəfindən dünyanın ikinci “Machu Picchu”su adlandırılır.

 

Bütün bu və digər amillər göstərir ki, Əlincəqala həm tarixi dəyəri, həm də turizm potensialı ilə Azərbaycanın mədəni irsinin qorunması və xalqımızın vətənpərvərliyinin, mübariz ruhunun dünyaya tanıdılması baxımından xüsusi əhəmiyyət daşıyır. Bu abidə Naxçıvanın qədim tarixini yaşadan və gələcək nəsillərə ötürən bir mədəniyyət simvoludur.