Qarabağın mirvarisi - Suqovuşan
Qarabağın turizm potensialı ilə seçilən guşələrindən biri də Ağdərə rayonunun Suqovuşan kəndidir. Kənd Murovdağ silsiləsinin ətəyində, Tərtərçayın sahilində yerləşir. 1976-cı ildə istismara verilən su anbarı Suqovuşanın təbiətinə xüsusi gözəllik qatıb. Bura ilin bütün fəsillərində əsrarəngiz təbiət mənzərələri ilə diqqəti çəkir.
İşğaldan azad edildikdən sonra Suqovuşanda geniş abadlıq və bərpa işləri həyata keçirilib, su anbarının ətrafında yeni istirahət parkı salınıb. Park bu gün həm yerli sakinlərin, həm də turistlərin üz tutduqları sevimli məkana çevrilib. Sahilboyu gəzinti cığırları, oturacaqlar, söhbətgahlar, uşaqlar üçün şənlik dolu oyun meydançaları və idman qurğuları buraya üz tutan hər kəs üçün müxtəlif istirahət imkanları yaradır. Parkda, həmçinin turist informasiya mərkəzi, kafe, estakada, avtodayanacaq yaradılıb.
Dağ havasının təravəti, su anbarının əks-sədalı səssizliyi və ərazinin füsunkar mənzərələri bura gələn hər kəsə unudulmaz duyğular bəxş edir. Tərtərdən və Naftalandan çəkilən yeni avtomobil yolları isə turistlərin Suqovuşana rahat gediş-gəlişini təmin edir.
Tahir Ağaməmmədov, AZƏRTAC
18.12.2025