Mədəni irsimiz

Qədim irsin və təbii gözəlliyin beşiyi - Şəki

Şəki Azərbaycanın ən qədim və füsunkar təbiətə malik şəhərlərindən biridir. Hər il minlərlə turist qəbul edən bu diyar gəzməli və görməli məkanları ilə seçilir. Belə tarixi məkanlardan biri “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğudur. Bura Şəki şəhərinin ən qədim hissəsi sayılır. Qoruğun ərazisində Şəki Xan sarayı, qala, karvansaraylar, digər tarixi memarlıq abidələri və müxtəlif əl sənətləri üzrə fəaliyyət göstərən dükanlar yerləşir.

 

Xan sarayı ilə birlikdə Şəkinin tarixi mərkəzi UNESCO-nun 43-cü sessiyasında “Dünya Mədəni İrsi” siyahısına daxil edilib. Burada turistlərin diqqətini çəkən ən maraqlı sənət növlərindən biri şəbəkə sənətidir. XVIII əsrdə inşa edilmiş Şəki Xan sarayının pəncərələrini bəzəyən incə şəbəkə naxışları bu sənətin ən gözəl nümunələrindəndir. Saraydakı zərif kompozisiyalar bu gün də buraya gələn qonaqların böyük marağına səbəb olur.

 

Şəkidə qədimdən bəri inkişaf edən ən mühüm sənət sahələrindən biri də ipəkçilikdir. Orta əsrlərdə Şəki təkcə Azərbaycanın deyil, həm də Yaxın və Orta Şərqin ən böyük ipək istehsalçılarından və toxuculuq mərkəzlərindən biri hesab olunurdu. Şəki ipəyi bütün dünyada məşhur idi və bu ənənə bu gün də yaşadılır.

 

Şəkinin Öyrət kəndi ərazisində yerləşən “BioGarden” ekoaqro turizm təsərrüfatı da turistlərin marağına səbəb olan məkanlardandır. Səkkiz hektar ərazini əhatə edən bu bağda üç mindən çox meyvə ağacı, həmçinin arıçılıq təsərrüfatı fəaliyyət göstərir. Burada həm təbiətin gözəlliyinin, həm də kənd həyatının ahəngini hiss etmək mümkündür.

 

Şəkiyə gələn turistlər üçün dadılması zəruri olan ənənəvi nemətlərdən biri isə, şübhəsiz, məşhur Şəki halvasıdır. Şəki qənnadı sexlərində halvadan başqa, Azərbaycanın digər ənənəvi şirniyyatları – bamiyə, tel halvası, fındıq halvası və “barama” karameli də hazırlanır. Şəkiyə yolunuz düşərsə, bu şirniyyatların dadına baxmağı mütləq unutmayın.