
Bakı. 11 mart. AZƏRTAC
Martın 11-də Novruz bayramı ərəfəsində Bakı şəhəri Nəsimi rayonunun 46 nömrəli məktəbində bu gözəl bayrama həsr olunmuş tədbir keçirilib. Tədbirin hazırlanmasında ibtidai və yuxarı sinif şagirdləri, müəllimlər və valideynlər iştirak edib. Onlar zalı bəzəyib, xonça düzəldib, tamaşa üçün dekorasiyalar hazırlayıblar.
Məktəbdə uşaq yaradıcılığı sərgisi təşkil olunub. Burada uşaqların bahar mövzusunda çəkdiyi şəkillər, daşlardan, balıqqulağından və çiçəklərdən hazırlanmış müxtəlif və rəngarəng əl işləri nümayiş olunub. Azərbaycan xalq nağıllarının motivləri əsasında milli ornamentlərlə bəzədilmiş keramika işləri və qab-qacaq xüsusilə diqqəti cəlb edib.
Milli paltar geymiş iştirakçılar qonaqları qarşılayıb onları şirniyyata qonaq edib. Məktəblilər qonaqları musiqi nömrələri ilə sevindiriblər.
Sonra aşağı sinif şagirdləri tamaşaçılara “Biz Novruzu qeyd edirik” adlı bayram proqramını təqdim edib. Milli geyimli uşaqlar qonaqlara bahar bayramının adət və ənənələrindən danışıb, “Cücələrim” rəqsini ifa ediblər.
“Fatimə” tamaşası sürəkli alqışlarla qarşılanıb.
46 nömrəli məktəbin direktoru Sevinc Budaqova bayram tədbirinin keçirilməsinə köməklik göstərdiyinə və aktiv iştiraka görə valideynlərə, uşaqlara və müəllimlərə təşəkkür edib. Qonaqlar və bayramın bütün iştirakçıları xatirə şəkilləri çəkdirib.
Baharın gəlişi – Novruz – Azərbaycan xalqının sevimli bayramıdır. Bayram ərəfəsində hamı inciklikləri unudur, səməni yetişdirir, şirniyyat hazırlayır, ağac əkir.
12.03.2016