Mədəni irsimiz

Mədəni irsimizin parlaq nümunəsi: Şuşa qalası

Azərbaycanın mədəniyyət paytaxtı və bütün Qafqazın incisi hesab olunan Şuşa şəhəri tarixi, mədəniyyət və memarlıq abidələri ilə zəngindir. Belə abidələrdən biri də təməli 1752-ci ildə I Qarabağ xanı Pənahəli xan Cavanşir tərəfindən qoyulmuş Şuşa qalasıdır.

 

Şuşa qalasının üç əsas qapısı olub: Gəncə, İrəvan və Ağoğlan qapıları. Hər üç qapının adı tarixi mənbələrdə tez-tez xatırlanır, həmçinin onlar Şuşanın XIX əsrdə çəkilmiş Baş planlarında qeyd edilir. Günümüzə ikisi - “Gəncə” və “Ağoğlan” qapıları gəlib çatıb.

 

Qala uzun illər Şuşanı yadelli işğalçıların hücumlarından müdafiə etmişdir. 1795-ci ildə Ağa Məhəmməd şah Qacar 80 minlik ordu ilə şəhəri bir ay mühasirədə saxlamasına baxmayaraq Şuşanı işğal edə bilməmişdir. Şuşa qalası hazırkı dövrdə də öz təyinatına görə aktuallığını itirməmişdir. 44 günlük Vətən müharibəsində Şuşanı azad edən əsgərlərimiz sonradan düşmənin əks-hücumunun qarşısını alarkən həm də qalaya sığınmışdılar. Şuşa şəhəri işğal altında olduğu dövrdə qala da möhkəm dağıntılara məruz qalıb. Şəhər azad edildikdən sonra qalanın böyük hissəsi bərpa edilib.

 

Şuşa qalası şəhərə gələn turistlərin maraqla ziyarət etdiyi məkanlardandır.