Xəbərlər

Gəncədə məktəblilər “Odlar Yurdu - Azərbaycan” adlı tamaşa hazırlayıblar

Gəncə, 2 mart, Rauf Hacıyev, AZƏRTAC
 
Gəncə şəhər 32 saylı tam orta məktəbin 3-cü sinif şagirdləri müəllimləri Rəna Əliyevanın təşkilatçılığı ilə XVIII-XIX əsr Azərbaycan xanlıqları dövrünə  və dövlətçilik tarixinə həsr olunan “Odlar Yurdu - Azərbaycan” adlı tamaşa  hazırlayıblar. Tədbirdə məktəbin müəllimləri, valideynlər və qonaqlar iştirak ediblər.
 
Tamaşa Üzeyir Hacıbəylinin “Koroğlu” operasının uvertürasının səsləndirilməsi ilə başlayıb. Rəna Əliyeva ölkəmizin tarixindən, xalqımızın mədəniyyətindən, adət-ənənələrindən, ölkəmizin  son illərdə qazandığı uğurlardan danışıb. Daha sonra Azərbaycan xanlarının obrazlarında səhnəyə gələn şagirdlər igidlər vətəni - Odlar Yurdu haqqında maraqlı faktlar söyləyiblər. Eyni zamanda, ekranda ölkəmiz haqqında videoçarx nümayiş etdirilib. 
 
“Azərbaycan! Tarixdə izi, sözü qalan qoca Şərqin qapısı”, Nizamilər, Nəsimilər, Füzulilər, Vurğunlar, Üzeyirlər yetirən ana torpaq, sən nə qədər müqəddəssən, ülvisən, doğmasan. Sən alovlardan, odlardan keçdin, Odlar Diyarı kimi tarixə düşdün”, deyən balacaların hazırladıqları tamaşa istər məktəbin müəllimləri, istərsə də tədbirə gələn valideynlər və qonaqlar tərəfindən rəğbətlə qarşılanıb.