
Bakı, 25 fevral (AZƏRTAC)
Mayın 14-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində “Balaca donuz Peppa özünə dost yığır” tamaşası göstəriləcək. Bu tamaşa İngiltərənin “Entertainment ONE UK” şirkətinin lisenziyası üzrə “Donuz Peppa” cizgi filminin yaradıcısının uşaqlar üçün şən, musiqili interaktiv tamaşasıdır.
Uşaqlar möhtəşəm şouya təkcə baxmayacaq, həm də Peppa ilə oynaya biləcək, çoxlu mahnı və rəqslər öyrənəcək, yeni və faydalı məlumatlar əldə edəcəklər. Balaca tamaşaçılar Peppa, onun atası, anası və qardaşı Corc ilə birlikdə donuzlar ailəsinin evində olacaq, gizlənpaç oynayacaq, balaca ördəklərin rəqsini öyrənəcək, ördək balasını xilas etməyə kömək göstərəcəklər.
Uşaqlar sevimli qəhrəmanları ilə şəkil də çəkdirə biləcəklər. “Donuz Peppa” cizgi filmi ənənələri əsasında hazırlanan tamaşa uşaqlara dostluq, qarşılıqlı kömək, ailə dəyərlərinin qorunması, yaşlılara hörmətlə yanaşmaq kimi keyfiyyətlər aşılayacaq.
25.02.2016