Xəbərlər

Ərəb uşaqları “Cücələrim” mahnısını ifa etdilər

Amman, 17 dekabr (AZƏRTAC).
 
İordaniyanın NAİ uşaq xoru Yeni İl ərəfəsində Al-Hüseyn Mədəniyyət Mərkəzində təşkil edilən konsertdə Qənbər Hüseynlinin məşhur “Cücələrim” uşaq mahnısını Azərbaycan dilində ifa edib. Gənc İordaniyalı ifaçıların çıxışı gurultulu alqışlarla qarşılanıb.
 
Xorun dirijoru və rəhbəri Diana Talhaminin sözlərinə görə, xarici  mahnılara müraciət etməyin əsas məqsədi İordaniya ictimaiyyətini digər ölkələrin musiqi və mədəniyyəti ilə tanış etməkdir. Diana Talhami deyir: "Musiqi - bütün xalqların sülh və ünsiyyət dilidir". 
 
Diana Talhami Azərbaycan musiqisinə və ümumiyyətlə ölkəmizə xüsusi maraq göstərir. O, digər məşhur Azərbaycan xalq mahnılarını da İordaniyanın NAİ uşaq xoru tərəfindən ifa olunmasını arzulayır.
 
Asya Hacızadə
Xüsusi  müxbir
Amman