
Bakı, 7 noyabr (AZƏRTAC). Yetişən nəsillərin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi, estetik zövqünün formalaşdırılması və intellektual səviyyələrinin artırılması üçün maarifləndirmə missiyasını davam etdirən Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı daha bir maraqlı layihəsi ilə balacaları sevindirir.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu dəfə teatrımızın daimi tamaşaçıları, eləcə də onu tanıyıb sevəcək yeni nəsillər sənət ocağının fəaliyyətini, repertuar və yaradıcı heyətinin nümayəndələrini həm də geniş ekrandan izləmiş olacaqlar. Belə ki, teatrın “Xəzər” televiziyası ilə birgə layihəsi olan “Bil-bil” adlı yeni uşaq verilişi noyabrın 7-dən efir vasitəsilə evlərin qonağıdır.
İdeya müəllifi və rejissoru Rövşən Nicat olan layihənin reallaşdırılmasında məqsəd uşaqlara əyləncə ilə tədrisi, tərbiyə və humanizmin təlqinini birgə göstərməkdir.
Uşaqlar üçün televiziya verilişlərinin az oldu bir məqamda onlara yeni qəhrəmanlar, bir növ nümunə götürəcəyi tipajlar təqdim edən “Bil-bil”in əsas qəhrəmanı da hər şeyi bilən və uşaqlara bütün çətin situasiyalardan çıxış yolunu göstərən Bil-bil əmidir. Bundan başqa Gül-gül, Çil-çil və Mil-mil adlı yeni qəhrəmanları da uşaqlar mütəmadi bu verilişdə görmüş olacaqlar. Teatrın aktyorları Elnur Abasquliyev, Elnur Xəlilov, Elnarə Hacıyeva, Cavid Telman və eləcə də aktyorlarla iş üzrə rejissor Qurban Məsimov və teatrın baş rəssamı İqbal Əliyev bu layihədə əsas simalardır.
Yarım saatlıq həftəlik verilişin bir fərqli cəhəti də son 15 dəqiqəsində teatrın repertuarındakı tamaşalardan hissələrin nümayişidir.
07.11.2015