Xəbərlər

Moskva Eksperimental Musiqili Teatrı “Ağca və yeddi qnom” musiqili nağılını təqdim edəcək

Bakı, 7 oktyabr (AZƏRTAC). Oktyabrın 17-də Moskva Eksperimental Musiqili Teatrı paytaxtımızda “Ağca və yeddi qnom” musiqili nağılını təqdim edəcək. Səhnə əsəri Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında saat 12:00 və 15:00-da nümayiş olunacaq. Qrimm qardaşlarının nağılları əsasında hazırlanmış tamaşanın qəhrəmanları olan yeddi qnom qardaş ögey anasının zülmündən qaçan Ağcanı öz evlərində gizlədirlər. Evdən çıxarkən Ağcaya yad adamlara qapını açmamağı tapşırırlar. Onlar təhlükə barədə xəbər tutanda isə artıq gec idi...