Bakıda “Azərbaycan Özbəkistan uşaqlarının, Özbəkistan Azərbaycan uşaqlarının gözü ilə” mövzusunda rəsm sərgisi açılmışdır
19.07.2013. İyulun 19-da İçərişəhər təsviri sənət yarmarkasında “Azərbaycan Özbəkistan uşaqlarının, Özbəkistan Azərbaycan uşaqlarının gözü ilə” mövzusunda rəsm sərgisi açılmışdır. Sərgi Mədəniyyət və Turizm Nazirliyinin Dövlət Rəsm Qalereyasının, Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin və “Artinvest” MMC-nin təşkilatçılığı ilə açılmışdır.
AzərTAc xəbər verir ki, tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin Dövlət Rəsm Qalereyasının direktoru Elnur Hüseynov və Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov çıxış edərək bu layihənin ilk sərgisinin cari ilin aprelin 26-da Daşkənddə keçirildiyini diqqətə çatdırmışlar.
Sərginin məqsədi istedadlı gəncləri üzə çıxartmaq, Azərbaycan və Özbəkistan uşaqlarının qarşı tərəf haqqında fikir və düşüncələrini bölüşməkdir. Nümayiş olunan əsərlərdə uşaqlar rənglərin vasitəsilə hər iki ölkənin mədəniyyətini, tarixi abidələrini və turizm məkanlarını öz təxəyyülləri vasitəsilə təsvir etmişlər. Sərgidə Azərbaycan uşaqlarının Özbəkistana həsr olunmuş 25, Özbəkistan uşaqlarının Azərbaycana həsr olunmuş 25 əl işi daxil olmaqla, ümumilikdə, 50 rəsm əsəri nümayiş etdirilir.
Azərbaycan və Özbəkistanın balaca rəssamlarının “Azərbaycanda pambıq yığımı”, “Özbəkistanın gerbi”, “Əbədi dostluğumuz”, “Aşıq Ələsgər”, “Azərbaycanın musiqi alətləri”, “Neft Daşları”, “Azərbaycan kəndində məhsul yığımı”, “İçərişəhər”, “Çay süfrəsi”, “Xəzərin sahilində”, “Çoban”, “Səməni” və digər əsərləri maraqla qarşılanmışdır. Sərgi 3 gün davam edəcəkdir.
19.07.2013