Görkəmli şəxsiyyətlər

Aleksandr Düma və dörd muşketyor

Siz ata Aleksandr Dümanın (1802-1870) kitablarını oxumusunuz? Özü kimi yazıçı olan oğlu Aleksandr Dümadan fərqləndirmək üçün onu belə adlandırıblar. Ata Dümanın romanlarını mütləq oxuyun!  Hətta çox vaxt gözünüzü  kitabdan ayırmadan, nahar etməyi, interneti və kompyuter oyunlarını, futbol oynamaq kimi cəlbedici təklifləri  unudaraq oxuyun. Təkrar-təkrar oxuyun... 
 
Aleksandr Düma çoxlu kitab yazıb. Vətəni Fransada əsərlərinin külliyyatı 150 cilddən tutmuş 300 cildədək müxtəlif variantlarda çap olunub.   Amma  onun ən məşhur  qəhrəmanları, əlbəttə,  “Üç muşketyor” romanının personajlarıdır. Bu kitabda möhtəşəm dördlük olan dostlar milyonlarla oxucunun gözü qarşısında düşmənlərinin hamısına qalib gəlir. Onların yanında isə tarixi personajlar – krallar, kardinallar və nazirlər görünür. 
 
“Üç muşketyor”  ata Aleksandr Dümanın 1844-cü ildə qələmə aldığı  tarixi-macəra  romanıdır. Kitab muşketyor olmaq üçün ata evini tərk edən D'Artanyan adlı gəncdən və  onun üç dostu – muşketyorlar Atos, Portos və Aramisdən söhbət açır. Dümanın qələmə aldığı  əhvalat  D'Artanyanın  və onun dostlarının 1625 -1628-ci illər arasındakı macəralarına həsr edilib. 
 
Yaxşı bilirsiniz ki, ədəbi qəhrəman öz prototipinin dəqiq oxşarı deyildir.  Yazıçı istədiyi qədər  uydura bilər. Təki  maraqlı və həqiqətə oxşar süjet alınsın. Lakin Düma kimi uydurmaçı yazıçı da  bəzən həqiqəti danışır. Sən demə, Atos, Portos və Aramis nə vaxtsa həqiqətən yaşayıblar. 
 
Gerçək həyatda İsaak de Porto adlanan Portos qədim nəsildən olub. Onun nəslinin nümayəndələri indi də Fransada yaşayırlar. Atos mahir qılıncoynadan olub və 1643-cü ildə duellərin birində həlak olub. Anri D'Aramis  (onun həqiqi adı belədir) də muşketyor olub, lakin Düma onun macəralarının bir qismini yazıçı və siyasətçi Laroşfukonun memuarlarından əxz edib. D'Artanyan həqiqətən muşketyorların leytenantı olub və iki kardinala xidmət edib. Onun həyatını  “Üç muşketyor “ romanından  hələ 150 il əvvəl  yazıçı Qatyen de Kurtil de Sandras (1644-1712) qələmə alıb. 
 
Bu gün DˈArtanyan əsl qəhrəman kimi əfsanəyə çevrilib. Bəs, deyilənlərdə həqiqətin payı  nə qədərdir?  Həyatda muşketyorun adı Şarl de Batts de Kastelmor olub.  Tarixçilərin fikrincə, o, Qaskonda - Tarb və Oş şəhərcikləri arasında yerləşən Kastelmor qəsrində anadan olub.  Dəqiq doğum tarixi məlum deyil. Uşaqlıq və yeniyetməlik dövrü barədə məlumat yoxdur. Yalnız bu məlumdur ki, o, bütün gənc qaskon zadəganları kimi  Fransa qvardiyasının sıralarında xidmətə başlayıb. Aleksandr Düma tarixi  D'Artanyandan iki personaj – hiyləgər  qaskonlunu  və onun antaqonistini, kardinal Rişelyenin adamı  Roşforu yaradıb. 
 
Beləliklə, Şarl anasının sarayda daha çox tanınan soyadını götürür və quqenotlar əleyhinə məzhəb müharibələrində iştirak edir.  Sonra o, kardinal Rişelyenin varisi  italyan Mazarininin birbaşa tabeliyinə keçir, müəyyən müddət keçəndən sonra ad-san qazanır, göstərdiyi qəhrəmanlığa, sədaqətə və hünərə görə mükafatlar ilə təltif olunur.  D'Artanyan hər bir işdə müvəffəqiyyət qazanır: məsələn, Dyunkern şəhərinin mühasirəsi zamanı “Muşketyorlar dəstəsi”nin elit hərbi bölməsinin yaralı komandirlərindən birini əvəzləyir. 
 
1670-ci ildən etibarən kralın inanılmış adamına çevrilir, onun şəxsi tapşırıqlarını yerinə yetirir. Onu sözübütöv adam kimi tanıyırlar. O qədər etibar qazanır ki, ona şəksiz inanırlar. Bundan əlavə, o dövrün sənədlərində adının  qarşısında “qraf” titulu var. 
 
Şəxsi həyatına gəldikdə isə Dümanın romanında onun sərgüzəştlərinin heç bir sənədli təsdiqi yoxdur. D'Artanyan 45 yaşında ikən gözəl xırdavatçı xanım madam Bonasyeni deyil, çox varlı, lakin  dul zadəgan qadın Şarlotta de Şanlesini seçib. Bəzi tarixçilərin fikrincə, qaskonlunun həyatının yeganə məhəbbəti kraliça Avstriyalı Anna olub. Kraliçanın portreti kapitanın evini bəzəyib. 
 
Hollandiyaya qarşı müharibəyə hazırlaşan kral  1672-ci ildə D'Artanyanı bu hərbi kampaniyası üçün mühüm strateji məntəqə olan Lil şəhərinin qubernatoru təyin edir. Bu yürüş  qəhrəmanımızın həyatında sonuncu hərbi kampaniya olur. O,  1673-cü il iyunun 24-də Maastrixt şəhərinə hücum zamanı həlak olur.  Ənənəyə görə, onu  döyüş meydanında həlak olan digər  döyüşçülərlə birlikdə dəfn edirlər.  Onun ölümü kralı və əyanları çox kədərləndirir.  
 
Bu günə qədər D'Artanyanın iki həqiqi portreti məlumdur. Birincisi Qatyen de Kurtil de Sandrasın kitabını bəzəyən qravüradır, ikincisi isə saray rəssamı Van der Mülenin çəkdiyi portretdir. D'Artanyan yaraşıqlı və nəcib şəxsiyyət olub. O, sırf  ispan dəbi ilə geyinib, bütün rənglərdən qara rəngə üstünlük verib, lakin zadəganlığın əlaməti olaraq  qırmızı dabanlı ayaqqabı geyib. D'Artanyanın ölümündən sonra onun Parisin o dövrdə dəbdə olan Latın məhəlləsində, Bak küçəsində yerləşən evinə əmlakını siyahıya almaq üçün gələn notarius olduqca böyük qarderob aşkar edib. D'Artanyanın kostyumlarının bəzisi brilyantlarla bəzədilib... Müasirlərinin sözlərinə görə, DˈArtanyan krallığın ən mahir at çapanı olub. O,  bütün görkəmi ilə müharibə allahı Marsı xatırladıb. Bir sözlə, Aleksandr Düma öz əsərlərində, tarixi sənədlərə müraciət edib, real insanları təsvir edib. Sonra da qeyri-adi süjet xətti  düşünərək çox maraqlı kitablar ərsəyə gətirib!