Fidanın qızıl medalı
BAKI, 29 noyabr (AzərTAc). Gənc azərbaycanlı Fidan Seyidova ilə macar Aknai Borokidən ibarət duet bu həftə bədii gimnastika üzrə Macarıstan Kuboku yarışlarında 12 yaşa qədər gimnastların qrupunda qızıl mükafat qazanıb. On iki ölkənin nümayəndələrindən ibarət hakimlər kollegiyası ən yüksək balları tərəddüd etmədən bu gözəl cütlüyə verib. Cütlük ev sahibləri ilə bərabər, müxtəlif ölkələrdən, o cümlədən Avstriya, Sloveniya, Slovakiya və Çexiyadan olan idmançıları geridə qoyub. Xatırladaq ki, bu, həmvətənimizin yeganə qızıl medalı deyil. Ötən il Fidanın və onun kiçik bacısı Nərminin iştirak etdiyi komanda elə debüt çıxışında Macarıstan Kubokunu qazanıb.