“Baş alıb gedirsən hayana, ceyran?..”
Ceyranlar dünyada az yayılsa da, Azərbaycan bu heyvanın yaşaması üçün əlverişli hesab olunur. Ceyranların respublikamızda məskunlaşma tarixi çox qədim dövrlərə təsadüf edir. D.V.Hacıyevin (1977) tədqiqatlarına əsasən, ceyran sümüklərinin qalıqlarına yuxarı Miosen çöküntülərində (1,5-2 milyon il əvvəl) rast gəlinir.
XX əsrin əvvəllərində Şimali Azərbaycanda 50-60 min ceyran qeydə alınmışdı. Lakin ötən əsrin 30-40-cı illərindən başlayaraq ceyranların çox geniş yayıldığı yerlərin (Mil-Qarabağ, Muğan və Şirvan düzləri) intensiv surətdə əkin sahələrinə çevrilməsi, o cümlədən qeyri-qanuni ovlanma, heç bir mühafizə tədbirlərinin görülməməsi nəticəsində ceyranların nəslinin tamamilə kəsilməsi təhlükəsi yarandı. 1961-ci ildə Azərbaycan ərazisində cəmi 131 baş ceyran qalmışdı…Vəziyyəti belə görən mərhum akademik Həsən Əliyev həyəcan təbili çaldı. Bunun nəticəsində 1961-ci ildə Bəndovan yasaqlığı (51,8 min hektar), 1969-cu ildə onun bazasında 17 min 745 hektar ərazini əhatə edən Şirvan Dövlət Qoruğu yaradıldı.
Beləliklə, görülən tədbirlər nəticəsində ceyranlar xilas edildi və artım başladı. Artıq 1972-ci ildə Azərbaycanda ceyranların sayı 1500 başa çatmışdı. Şirvan Dövlət Qoruğu əsasında Şirvan Milli Parkının yaradılması isə ceyranların artımı üçün daha geniş perspektivlər açdı. Hazırda Şirvan Milli Parkında ceyranların yüksək artımı müşahidə olunur. İndi Azərbaycanda 10 minədək ceyran var. Hətta Şirvan Milli Parkında artım yüksək olduğundan ceyranlar digər ərazilərə aparılır. Bu gün Heydər Əliyev Fondunun təşəbbüsü ilə ceyranlar süni peyk vasitəsilə izlənilir və təbiətin bu qeyri-adi canlılarının yaşam tərzi öyrənilir. Ceyranlar yayın isti vaxtlarında səhərlər otlayır, sonra özlərini kolların altına verib dincəlirlər. Qışda isə ceyranlar bütün gün və axşamçağı otlayır, günorta bir az dincəlir, gecə külək tutmayan yerlərdə yatır.
Ceyranların cütləşmə dövrü noyabr-dekabr aylarına, balalama dövrü aprel-iyun aylarına düşür. Ceyranlar 1, 2 və ya 3 bala verir. İstər tək, istərsə də böyük sürülər şəklində həyat sürən ceyran təhlükə hiss edərkən qulaqlarını şəkləyir, ayaqlarını yerə döyür və qaçmağa başlayır. Bununla da digər ceyranlara təhlükə barədə xəbər çatdırırlar. Qaçan ceyranın arxasında olan “ağ güzgü” arxadan gələn heyvanlar üçün siqnal rolunu oynayır. Ceyranlar qışda qaldıqları ərazidə işarə qoyur, qabaq dırnaqları ilə torpağı cızır. Gəlin, təbiətimizin ayrılmaz hissəsi və gözəl məxluqları olan ceyranların qayğısına qalaq, onları qoruyaq.
16.07.2013