Cəmil Əlibəyov. Səbət əhvalatı
Bəhram baba yetişmiş meyvələrdən ən yaxşıların dərib balaca səbətə yığar, nəvəsi Elbəy üçün saxlayardı.
Bir gün Elbəy babasının yanına gəldi. O, şaftalı ağacının yanında bir səbət gördü. Səbəti şaftalı ilə doldurdu və meyvələri toyuqlara atmağa başladı.
Sonra o, babasının yanına qayıtdı və yenə də şaftalı yığmaq istədi. Baba dedi:
- Əlbəttə, yığa bilərsən. Amma səbət mənə də lazımdır. Özün üçün səbət toxu.
Elbəy bir qədər çubuq yığdı. Ancaq nə qədər çalışdısa, səbət toxuya bilmədi. Köməyə əmisi oğlunu çağırdı. Əmisi oğlu onun üçün səbət toxudu. Baba bu səbəti bəyənmədi. Çubuqları çıxarıb atdı.
Bu, bir neçə dəfə təkrar olundu. Almalar ağacda qızarmışdı.
Nəhayət, Elbəy bir qədər çalışdı və səbəti özü toxudu. Baba yenə də səbəti sökmək istəyəndə Elbəy xahiş etdi:
- Baba, qoy qalsın. Axı mən onunla səhərdən əlləşirəm.
Baba gülərək dedi:
- Görürsən, adam öz zəhməti ilə düzəltdiyini qiymətləndirir. Mən inanıram ki, babanın zəhmətlə becərdiyi məhsulu daha toyuqlara atmazsan.
Elbəy hər şeyi başa düşdü və utandı.
01.11.2021