Görkəmli şəxsiyyətlər

İlk riyaziyyatçı qadın - İskəndəriyyəli Hipatiya

İskəndəriyyəli Hipatiya (d. 370 – ö. 415) — yunan soylu filosof, riyaziyyatçı və astronom olub. O, alimliyi ilə tanınıb və müəllimlik edib. Riyaziyyatı oxuyan və öyrədən ilk qadınlardan biri olub. İskəndəriyyə kitabxanasında fəlsəfə, riyaziyyat və astronomiya üzərinə dərslər verib. Perqalı Apollonius və Diofantus haqqında şərhlərin müəllifidir. Çox ağıllı və bilikli, hamı üçün ünsiyyətə açıq və sadə qadın olub. Fəlsəfəni öyrənmək istəyənlər onun dərslərinə gəlirdilər.


Hipatiyanın doğum tarixi 350-370 il arasına təsadüf edir. O, əmək fəaliyyətinə 400-cü ildə İsgəndəriyyə məktəbinin fəlsəfə kafedrasında müəllim kimi başlayıb. O, Platon və Aristotelin fəlsəfəsini, riyaziyyatı öyrətdi, astronomik cədvəllərin hesablanması ilə məşğul oldu. Perqalı Apollonius və İsgəndəriyyə Diofantının əsərlərinə şərhlər yazdı (təəssüf ki, həmin yazılar bizim dövrə kimi gəlib çatmayıb).


Hipatiyanın atası Teon (335 – 405) məşhur İskəndəriyyə kitabxanasının sonuncu müdiri olub. Onun zamanında bu kitabxananın fəaliyyətinə imperator fərmanı ilə son qoyulmuşdu. Teon Evklidesin “Başlanğıclarını” redaktə edib dərc etmiş və Ptolemeyusun “Almagets” əsərinə şərhlər yazmışdır. Hipatiyanın adı astronomiya ilə bağlı bir neçə dəfə xatırlanır, o cümlədən məktubların birində onun tələbələrindən birinə “göyləri öyrənmək üçün istifadə olunan astrolabanı necə yaratmağı” öyrətdiyi qeyd olunur.


O dövrdə Xristianlıq Romada hakim dinə çevrilmişdi. Dini fanatizm bütün imperiyanı bürümüş, xristianlar bütpərəst saydıqları antik mədəniyyəti və elmi darmadağın edir, alimləri və filosofları təqiblərə məruz qoyurdular. Antik mədəniyyətin mərkəzlərindən biri olan İskəndəriyyədə də bu proseslər gedirdi. Xristian fanatları Museyona hücum çəkmiş, onu dağıtmış və qədim kitabxananı yandırmışdılar.


Hipatiya isə o zaman dini fanatizmə qarşı çıxış etmişdi. O, İskəndəriyyənin siyasi həyatına fəal qatıldığına və şəhər başçısı Orestesə yaxın olduğuna görə yerli xristian icmasının ona qarşı nifrəti ilə üzləşmişdi. Xristianlar onu bütpərəstlik, dinsizlik və əxlaqsızlıqda günahlandırmışdılar. Hipatiyanın alimliyi, dini ehkamlara şübhələrlə yanaşması, dini fanatizmə qarşı çıxması, sərbəst davranışı xristianları qıcıqlandırırdı. Buna görə İskəndəriyyə yepiskopu, sonralar kilsə müqəddəsi elan olunmuş Kiril ona qarşı çıxış etmiş, onu ittiham etmişdir.


Sonda Kirilin fanatik tərəfdarları Hipatiyaya hücum çəkmiş, onu kilsəyə gətirərək edam etmişdilər. Güman edilir ki, bunu edənlər “parabalani” təriqətinin ardıcılları olub. Bununla da Hipatiya sonralar formalaşan Avropa ictimai fikrində dini fanatizmin qurbanı, dini mövhumat və elmsizliyə qarşı mübarizənin simvoluna çevrilmişdir. Kirili təmizə çıxarmaq üçün kilsə xadimləri onun bu cinayətdə əli olmadığını iddia edirdilər. Ancaq, o özü edamda iştirak etməsə belə, qatillərə mənəvi dəstək vermişdi.


Hipatiyanın ölümü haqqında antik yazar Sokrat Sxolastikus xəbər vermib.


Hipatiyanın bəzi elmi alətlərin, məsələn, distillyator (distillə edilmiş su əldə etmək üçün cihaz), areometr (mayenin sıxlığını ölçmək üçün cihaz), astrolab (astronomik ölçmələr üçün alət) və planisfer (göyün düz hərəkət edən xəritəsi) ... icad etdiyi və ya təkmilləşdirdiyi güman edilir.