Nağıllar, hekayələr

Mixail Prişvin. Kirpi

Bir gün çay kənarında gəzərkən, kolun altında bir kirpi gördüm. Kirpi məni görən kimi yerində qıvrılıb ayağı ilə yerə sakitcə vurdu. Çəkməmin ucu ilə ona toxundum - o, qorxacaq bir səs çıxardı və iynələri ilə çəkmənin üstünü sancdı.


- Deməli, belə oldu? – mən öz-özümə söyləndim və çəkməmin ucu ilə onu çaya itələdim.


Kirpi dərhal suda çevrildi və kiçik bir donuz balası kimi sahilə doğru üzdü, yalnız palçıq yerinə kürəyində iynələr var idi. Çubuğumu götürüb kirpini papağımın içinə qoyub evə apardım.


Son zamanlar evimdə çoxlu siçanlar peyda olmuşdu. Kirpinin onları tutduğunu eşitmişdim və belə qərara gəldim ki, kirpi artıq mənimlə yaşasın və siçanları tutsun.


Evimə gəldim. Bu tikanlı, balaca və sevimli heyvanı döşəmənin tam ortasına qoydum və qəzet oxumaq üçün masanın arxasına oturdum, gözümün kənarından isə kirpiyə baxmağa davam etdim. 


Kirpi uzun müddət hərəkətsiz qaldı: dönüb ehtiyatla ətrafa baxdı, ora-bura vurnuxdu,  nəhayət yatağın altına tərəf hərəkət etdi. Orada özünə bir yer seçib tamamilə sakit dayandı.


Qaranlıq düşəndə lampanı yandırdım. Kirpi yerində yox idi. O, yatağın altından qaçmışdı. Əlbəttə ki, çırağın, meşədə səmanın üzərində parlayan ay olduğunu düşünürdü (Ay görsənən kimi, kirpilər tala boyu gəzməyi sevirlər). Bax beləcə, evimdəki kirpi talada olduğunu düşünərək otaq ətrafında qaçmağa başladı.


Çaxmağı götürüb siqaret yandırdım. Ayın ətrafını duman bürüdü. Eynilə meşədəki kimi oldu: həm ay, həm də duman, ayaqlarım isə ağac gövdələri kimi görünürdü, yəqin ki, kirpi bu mənzərəni çox bəyənirdi: iynələriylə çəkmələrimin dabanlarına toxunub, onları iyləyirdi.


Qəzet oxuduqdan sonra onu yerə atdım, yatağıma uzanıb yuxuya getdim. Həmişəki kimi bu dəfə də oyaq yatdım. Otağımda xışıltı eşitdim. Kibrit götürüb şam yandırdım və kirpinin yatağın altında necə parıldadığını gördüm. Qəzet artıq masanın yanında deyil, otağın ortasında idi. Şamı yanılı qoyub, bir qədər düşündüm:


"Qəzet kirpinin nəyinə lazımdır ki?" Tezliklə evimin yeni sakini  yatağın altından qaçdı və birbaşa qəzetə tərəf hərəkət etdi; səs-küy salaraq qəzetin ətrafında döndü və nəhayət istədiyini etdi: qəzetin bir küncünü tikanların üstünə qoyub özündən böyük əşyayı otağın bir küncünə tərəf sürüklədi.


Artıq qəzetin kirpiyə nə üçün lazım olduğunu başa düşdüm: qəzet meşədəki quru yarpaqlara bənzəyirdi, yuva qurmaq üçün sürükləyirdi. Düşündüklərim doğru çıxdı: tezliklə kirpi qəzetə büründü və özünə əsl yuva qurdu. Bu vacib işi bitirdikdən sonra evini tərk etdi və şamlı aya baxaraq çarpayının qarşısında dayandı.


Mən də şama baxıb, özüm özümdən soruşdum:


- Sənə başqa nə lazımdır? - Su içmək istəyirsən?


Ayağa qalxdım, artıq kirpi məni görüb qaçmırdı.


Mətbəxdən boşqab götürüb döşəməyə qoydum. Sonra bir vedrə su gətirib boşqaba tökdüm. Daha sonra boşqabdakı suyu yenidən vedrəyə tökdüm. Bax beləcə  səs-küy salaraq otaqda çöldə axan çayın effektini yaratdım.

 

- Yaxşı, gəl bura, gəl bura. - dedim. - Görürsən, mən sənin üçün Ay təşkil etdim, Buludlar yaratdım, bu da sənin üçün Su ...

 

Artıq fikir verdim ki, kirpi sanki irəliyə yavaş-yavaş addımlar atırdı. Mən də özüm yaratdığım gölməçəni bir az ona doğru hərəkət etdirdim. O irəliləyir, mən irəliləyirəm və beləcə davam etdik.

 

- İç, - axırda dedim. Kirpi yavaşca suyu yaladı. Mən isə əlimi tikanların üstünə elə yüngülcə gəzdirdim ki, sanki sığallayırdım və durmadan təkrarlayırdım:

 

- Bax belə, ağıllı heyvan! Bax belə!

 

Kirpi suyu içib doydu. 

 

Mən yenə dedim:

 

- İndi isə gəl yataq. 

 

Şamı söndürüb yatağıma getdim.

 

Nə qədər yatdığımı xatırlamıram, ancaq otağımda yenə hansısa işlərin görüldüyünü eşidirdim.

 

Yenə şam yandırdım. Nə düşünürsüz, nə gördüm? Kirpi otağın ətrafında gəzir və tikanlarının üstündə bir alma var. Tez yuvaya qaçdı, almanı ora qoyub, yenidən başqa bir almanın ardınca küncə doğru qaçdı. Küncdə isə bir çuval alma yerə tökülmüşdü. Kirpi küncə çatdı, başqa bir almanın ətrafında fırlandı, onu da tikanına sancıb yuvasına tərəf qaçdı. 

 

Beləliklə, kirpi mənim evimdə artıq özünü rahat hiss edirdi və bundan sonra mənimlə yaşamağa başladı. İndi, çay, süd içmək istəyəndə, əlbəttə ki, onun üçün ayrıca kasaya tökürəm – gəlib içir, çörək verirəm – gəlib yeyir.