Vüqar Haqverdiyev. Qızıl balıq
Bir vardı, biri yoxdu.
Leyla adında balaca bir qız vardı. Bu qız babasını çox sevirdi. Babası da tez-tez onu görməyə gəlirdi.
Gələndə də Leyla üçün qəşəng hədiyyələr, maraqlı oyuncaqlar gətirirdi.
Bir gün baba gələndə əlində lentlə bağlanmış böyük bir qutu vardı. O, ehtiyatla bağlamanı stolun üstünə qoyub nəfəsini dərdi, sonra əllərini yumaq üçün vanna otağına keçdi.
Leyla maraqla qutuya baxırdı. İçində nə olduğunu bilmək istəyirdi. Babası isə elə bil qəsdən bir söz demirdi. Leylanın səbri çatmadı:
- Baba, ay baba, bu nə böyük qutudur?!
- Leyla bala, bu böyük qutuda çox balaca bir canlı var.
Leylanın marağı daha da artdı.
- Baba, tez ol qutunu aç, o balaca canlını görmək istəyirəm!
Baba qutunu açdı. Qutudan ağzı bağlı qəşəng bir akvarium çıxdı. Akvariumda bir balıq vardı. O, yazıq-yazıq Leylaya baxırdı. Baba dedi:
- Leyla bala, bu Qızıl balıqdır, sənin üçün almışam.
- Qızıl balıq?! – Leyla sevincindən atılıb-düşdü. – Babacan, çox sağol, bu ən gözəl hədiyyə oldu.
Baba balıq yemi də almışdı, akvariumun qapağını çıxardıb ondan bir çimdik suya atdı. Balıq o dəqiqə ağzını açıb yemin hamısını uddu.
- Yazıq nə yaman ac imiş?! - Leyla təsirləndi.
- Leyla bala, balıqlar həmişə özlərini ac hiss edirlər, onlarda doymaq hissi olmur, nə vaxt qida görsələr belə acgözlüklə yeyirlər. Ona görə də ona gündə iki dəfədən artıq yem vermə, yoxsa çox yeyər, qarnı partlayar.
- Oldu babacan! - Leyla babasının üzündən öpdü.
Baba gedəndə akvariumu Leylanın otağına qoydu. O gündən Leyla özünü çox xoşbəxt hiss edirdi. Axı maraqlı məşğuliyyət tapmışdı, babası deyən kimi gündə balığı yemləyir, saatlarla oturub bu gözəl varlığa tamaşa edirdi. Leyla eşitmişdi ki, qızıl balıqlar danışır. Amma onun balığı heç səsini də çıxarmırdı, qızın çoxsaylı suallarını cavabsız qoyurdu. Ancaq Leyla ümid edirdi ki, balıq danışacaq.
Bir gün Leyla gördü ki, balıq akvariumun şüşəsinə sıxılıb çox qəmgin dayanıb. Tez anasını çağırıb bunun səbəbini soruşdu. Anası dedi:
- Qızım, balıq artıq böyüyüb. Bu kiçik akvariumda darıxır, onu aparıb çaya buraxmaq lazımdır.
- Yox ana, mən də onsuz darıxıram. Babam onun üçün daha böyük akvarium alar.
- Qızım, o, azad olmaq istəyir. Balığı azad etsən, o, xoşbəxt olar.
Anasının təklifi Leylanın xoşuna gəlmədi, “Heç vaxt”- deyə düşündü. O, Qızıl balığa həmişəkindən də yaxşı qulluq edirdi, ancaq balıq daha da darıxırdı.
Leyla çox götür-qoy edirdi. Həm anasının düz dediyini görürdü, həm də balıqsız darıxacağını fikirləşirdi.
Nəhayət bir gün Leyla qərara gəldi ki, balığı azad etsin. Elə də etdi, babası ilə aparıb onu çaya buraxdı.
Balıq suya düşən kimi çayın dibinə baş vurub çıxdı. O, çox şən görünürdü, uşaqlıq dostu Tısbağanı tapmışdı. Onlar suda xeyli oynadılar, ətrafdakı balıqlar da dostların sevincinə qoşuldu. Leyla babasına qısılıb bu gözəl mənzərəni izləyir, azadlığın necə böyük xoşbəxtlik olduğunu görürdü.
Artıq ayrılmaq vaxtı çatmışdı. Balıq Leylaya yaxın üzdü. Qız gözlərindən yaş axa-axa onunla sağollaşdı. Birdən balıq dil açıb dedi:
- Leyla, darıxma, biz yenə görüşəcəyik!
Qız heyrətdən donub qaldı. Sən demə, Qızıl balıq danışa bilirmiş... Babası nəvəsinin saçını sığallayanda qız özünə gəldi. Lakin balıq artıq yox idi, üzüb getmişdi. Leyla ürəyində ona xoşbəxtlik arzuladı, sonra babasının əlindən tutub, bir də Qızıl balıqla nə vaxt görüşəcəklərini düşünə-düşünə evlərinə yollandı.
29.09.2021