Nağıllar, hekayələr

Aylin Atmaca. Hədiyyə

Nadirin atası da, babası da inşaatçı olmuşdu. O hələ uşaq olanda babası deyərdi:

 

- Hər bir evi elə tikmək lazımdır ki, elə bil özün üçün tikirsən. Evi ya yaxşı tikmək lazımdır, ya da heç tikmək lazım deyil.

 

Böyüklərin dediyi bir çox ibrətamiz sözlər müəyyən müddətdən sonra bəzən uşaqların yadından çıxır. Lakin zaman keçir, həyat özü bu sözləri onların yadına salır.

 

Nadir universiteti bitirib inşaat mühəndisi ixtisasına yiyələnmişdi. İndi o, böyük bir tikinti şirkətində işləyirdi. Bu şirkətə rəhbərlik edən şəxs vaxtilə Nadirin babasının şagirdi olmuşdu. Elə babasının xahişi ilə də Nadir bu şirkətdə işə düzəlmişdi. İşindən razı idi. Böyük həvəslə çalışırdı. Amma hərdən maaşın azlığından şikayət edirdi. Bir-iki dəfə şirkət rəhbərinin yanında bu haqda söhbət də salmışdı. Demişdi ki, ailə qurmaq, özünə ev almaq istəyir. Bu maaşla heç vaxt istəyinə nail ola bilməyəcək. Lakin direktor hər dəfə gülümsünüb deyirdi:

 

- Yaxşı, mən bu haqda düşünərəm. Ancaq sən bir az da təcrübəni artırmalısan.

 

Bir gün direktor Nadirə yeni bir ev tikməyi tapşırdı. Bu, şəhərin səfalı guşəsində birmərtəbəli ev olmalı idi. İndiyə kimi çoxmərtəbəli evlərin inşasında çalışmış Nadir bu işi özünə qarşı etibarsızlıq kimi qiymətləndirdi. O, könülsüz halda işə başladı.

 

Təyin olunmuş müddətdə evin tikintisi tamamlandı. Şirkət rəhbəri evə baxmağa gəldi. Əyri-üyrü vurulmuş suvağı, başdansovdu çəkilmiş boyanı nəzərdən keçirdi. Axırda üzünü Nadirə tutub dedi:

 

- Oğlum, bu ev şirkətimiz adından sənə hədiyyədir.

 

Bax onda Nadirin yadına babasının sözləri düşdü. Ah, kaş bu evin onun olacağını qabaqcadan biləydi. Yoxsa onu belə tikərdimi?!