Nağıllar, hekayələr

Sergey Kozlov. Xeyirxah fil

Fevral ayı idi. Meşədə güclü küləkli, şaxtalı və qarlı hava hökm sürürdü. Kirpi bütün günü soba yandırır, evdən çölə çıxmır, hətta yatağından belə qalxmırdı.  


- Bu nə cəzadır? - Kirpi mızıldandı və pəncələrini çəkmələrinə soxub yataqdan qalxdı. – Belə getsə, bu şaxta, don bir həftə daha davam edəcək, mənim isə yandırmağa bir odunum belə qalmayacaq!


Kirpi sobaya yaxınlaşıb odun atdı. Sobanın atəşi həzin-həzin uğultu saldı,  Kirpi isə ətrafda baş verən vəziyyət barədə düşündü.


- İndi meşənin hər yanını qar örtüb, heç nə görünmür! – kirpi öz-özünə düşündü, -  İndi bütün nazik Şam ağaclarını qar örtüb, qalın ağacları isə kəsmək asan deyil... – Ayı ziyarətə gəlsəydi yaxşı olardı: onun iti baltası, mişarı və odun daşımaq üçün xüsusi avadanlığı var ... Kaş ki, eşşəklə bir yerdə gəlib deyərdilər: “Kirpi , yəqin ki, odunun qurtarıb? Gedək yeni ağaclar kəsək, sənin üçün gətirək!” Onlara çay verərdim, üçümüz də meşəyə gedərdik, onların yanında heç vaxt donmazdım. Bəs indi ... Ayı yəqin çoxdan qış yuxusundadır və məni tamamilə unudub ... "


Kirpi o qədər kədərləndi ki, sobaya daha iki ağac parçası atıb artıq heç nə düşünmədən alova baxmağa başladı.


Soba daha yaxşı alovlandı, indi yuva yaxşıca isinmişdi. Kirpi odunun tükənə biləcəyinə və donacağına artıq inanmırdı. Birdən kirpi öz-özünə xəyal qurdu ...


"Odun tükənəcək, yuvam tamamilə soyuyacaq və mən donmağa başlayacam ... və bu barədə zooparkdakı Fil eşidəcək. O, özünü yatmış kimi aparacaq, gözətçilər yatanda meşəyə qaçacaq, evimi tapacaq, xortumunu sobanın borusuna yapışdırıb isti nəfəs verəcək. Mən isə ona deyəcəm: "Təşəkkür edirəm, Fil. Artıq mənə istidir. İndi get Ayını isit - onun da odunu bitmişdir... və Fil hər gecə zooparkdan qaçıb mənim sobamın borusundan isti hava üfürəcəkdir."


Meşədə şaxtalı külək dayanmadan əsməyə davam edirdi. Həqiqətən də, Kirpinin tezliklə odunu tamamilə qurtardı. Kirpi, sobanı sonuncu dəfə sonuncu odun ilə yaxşıca yandırdı, bütün ədyalları, paltoları isə yatağının üstünə yığdı. Sonra bu yorğan yığınının altına girib gözləməyə başladı.


Əvvəlcə ona isti idi, lakin bir qədər sonra soba soyuduqda, ona soyuq oldu. Hər saat keçdikcə yuva soyumağa başladı.


- F-f-fiiil-l-l gəlsə yaxşı olardı!” - kirpi ədyalların altında qıvrılaraq pıçıldadı. O qədər soyuq idi ki, dişi dişinə dəyirdi. Fil isə hələ də gəlib çıxmırdı... – F-f-f-i-i-l-l-l! - Kirpi çağırmağa başladı.


- Donuram ... xahiş edirəm gəl, Fil!


Kirpi Fili üç gün iki gecə çağırdı.


Üçüncü gecə kirpi elə bir isti hiss etdi ki, hətta ədyalları, paltoları belə üstündən uzaqlaşdırdı. Meşəyə artıq yaz gəlmişdi, kirpi isə, soba borusundan isti nəfəs verən xeyirxah filin gəldiyinə inanırdı.