Nağıllar, hekayələr

Viktor Draqunski. O, canlıdır və parlayır

Bir axşam həyətdə, qumun yanında oturub anamı gözləyirdim. Anam yəqin ki, ya institutda, ya da mağazada yubanıb qalmış, bəlkə də avtobus dayanacağında uzun müddət dayanmışdı. Bilmirəm... Yalnız həyətimizdə yaşayan bütün valideynlər artıq gəlmişdilər və uşaqları onlarla birlikdə evə gedib yəqin ki, simit yeyib, şirinçay içirdilər, amma mənim anam hələ də yox idi...

 

Artıq pəncərələrdə işıqlar yanmağa başladı və radioda musiqi eşidildi,  göy üzərində isə qara buludlar hərəkət edirdi – onlar sanki saqqallı qocalara bənzəyirdilər ...

 

Ac olduğumu hiss etdim, amma anam hələ də yox idi. Bu zaman öz-özümə düşündüm ki, dünyanın hansısa bir sonunda anamın ac olduğunu və məni bir yerdə gözlədiyini bilsəm, dərhal onun yanına qaça-qaça gedərdim, heç zaman gecikməzdim və onun qumun üstündə oturub darıxmasına icazə verməzdim.

 

Bu zaman məhləmizdə yaşayan Mişka adlı oğlan həyətə çıxdı, məni görüb salamlaşdı, sonra yanıma oturub oyuncaq kamazımı əlinə götürüb heyrətlə suallar verməyə başladı:

 

- Heyrət! Vau! Bunu hardan alıbsan? Qumu özü götürə bilir? Yoxsa yox? Özü atır? Ya yox? Bəs qulp nə üçün lazımdır? Bu nə üçündür? Fırlada bilərsən? Hə? Vau! Mənə, evə aparmaq üçün verərsən?

 

- Yox, vermərəm – mən dedim, - Hədiyyədir. Getməzdən əvvəl atam verib.

 

Mişka susdu və məndən uzaqlaşdı. Həyət daha da qaralmışdı.

 

Anamın nə vaxt gələcəyini qaçırmamaq üçün durmadan qapıya baxırdım. Amma anam yenə də gəlmirdi. Ola bilsin ki, yolda Roza xala ilə qarşılaşıb söhbət edir, mənim haqqımda heç düşünmür belə. Qumun üstünə uzandım.

 

Birdən Mişkanın səsini yenidən eşitdim:

 

- Kamazı verəcəksən mənə?

 

- Get, Mişka, uzaqlaş məndən.

 

- Bunun üçün sənə bir Qvatemala, iki Barbados verə bilərəm!

 

- Barbadosu kamazla müqayisə edirsən?...

 

- Yaxşı, o zaman sənə üzgüçülük üçün lazım olan dairəni verməyimi istəyirsən?

 

- O səndə artıq partlayıb.

 

- Yapışdırarsan!

 

Artıq qəzəbləndim: - Bəs harada üzüm? Hamamda? Çərşənbə axşamı?

 

Mişka yenidən düşündü və sonra dedi:

 

- Yaxşı, qoy belə olsun! Yaxşılığımı unutma! Götür!

 

Mişka mənə bir kibrit qutusu verdi. Qutunu əlimə götürdüm.

 

- Aç! – Mişka dedi, - İçində nə olduğunu görəcəksən!

 

Qutunu açdım və əvvəlcə heç nə görmədim, sonra kiçik, açıq yaşıl işıq gördüm, sanki kiçik bir ulduz məndən uzaqda, uzaqda bir yerdə yanırdı və eyni zamanda özüm onu əlimin içində tutmuşdum.

 

- Bu nədir, Mişka, - pıçıltı ilə soruşdum, - Bu nədir?

 

- Bu bir atəşböcəyidir – Mişka dedi – Xoşladın? O sağdır.

 

- Mişka, - mən dedim, - kamazımı götürmək istəyirsən? Əbədi olaraq götür, həmişəlik! Mənə bu qutunu ver, evə aparacam ...

 

Mişka kamazı götürüb evə qaçdı. Mən isə atəşböcəyim ilə baş-başa qaldım: ona baxmaqdan doymurdum: necə də yaşıldır, sanki nağıldakı kimi, nə qədər yaxında ovcumun içində olsa da, sanki uzaqdan işıq saçırdı ... Nəfəs ala bilmirdim, ürəyimin döyündüyünü və burnumun bir az tutulduğunu hiss etdim, sanki ağlamaq istəyirdim.

 

Uzun müddət, çox uzun müddət beləcə oturdum. Ətrafda heç kim yox idi. Sanki bu dünyada hamını unutmuşdum.

 

Ancaq sonra anam gəldi və mən çox sevindim. Birlikdə evə getdik. Simit, pendir yeyib çay içməyə başlayanda anam məndən soruşdu:

 

- Yaxşı, de görüm kamazın hanı?

 

- Mən, ana, onu dəyişdim- deyə anama cavab verdim.

 

- Maraqlıdır! Nə ilə?

 

- Atəşböcəyinə! Burada, bu qutuda yaşayır. İşığı söndür!

 

Anam işığı söndürdü, otaq qaranlıq oldu və ikimiz də solğun yaşıl ulduza baxmağa başladıq.

 

Sonra anam işığı yandırdı.

 

"Belə," -anam dedi, "Sehrdir! Ancaq yenə də bu həşərat üçün kamaz kimi dəyərli bir şeyi verməyə necə qərar verdin?

 

"Səni çoxdan gözləyirdim" - anama cavab olaraq dedim, "çox cansıxıcı idi və bu atəşböcəyinin dünyada hər hansı bir kamazdan daha yaxşı olduğu anladım”.

 

Anam diqqətlə mənə baxdı və soruşdu:

 

- Daha yaxşı bunun nəyidir?

 

- Niyə başa düşmürsən?! Axı o canlıdır! Həm də parlayır!… - deyə cavab verdim.