“Qabusnamə”dən hekayət
Belə eşitmişəm ki, bir kişi səhər alaqaranlıqda evdən çıxıb hamama gedərkən yolda öz dostuna rast gəlir və deyir: “Mənimlə hamama getmək istəyirsənmi?” Yoldaşı deyir: “Hamamın qapısına qədər sənə yoldaşlıq edə bilərəm, lakin hamama gedə bilmərəm, işim var”.
Hamamın yaxınlığına qədər bir yerdə gedirlər. Yolayrıcına çatdıqda dostu xəbərdarlıq etmədən geri dönüb başqa tərəfə gedir. Təsadüfən bir oğru da həmin kişinin dalısınca oğurluq məqsədilə hamama gedirmiş. Birdən kişi geri baxır, oğrunu görür, lakin hələ alaqaranlıq olduğundan onu dostu bilib, qurşağından dəsmala bağlanmış yüz dinarı çıxarır, haman oğruya verir və deyir: “Ay qardaş, bu əmanətdir, al, mən hamamdan çıxandan sonra qaytararsan”. Oğru qızılı alır, kişi hamamdan çıxana qədər heç yerə getməyib orada gözləyir. Hava işıqlanır. Kişi paltarını geyib yola düzəlir. Oğru onu çağırıb deyir: “Ey cavanmərd, qızılını geri al, sonra get, sənin əmanətin üzündən bu gün mən də işimdən avara oldum”. Kişi deyir: “Bu nədir, əmanət nədir, sən kimsən?” Oğru deyir: “Mən oğruyam, sən isə hamamdan çıxana qədər bu qızılı saxlamağı mənə tapşıran adam”. Kişi deyir: “Oğrusansa, bəs nə üçün mənim qızıllarımı aparmayıbsan?” Oğru deyir: “Əgər öz peşəmlə ələ keçirsəydim, min dinar olsaydı, sənə yazığım gəlməzdi, bir dinar da sənə qaytarmazdım. Lakin sən bunu mənə əmanət olaraq veribsən, insafsızlıq olar ki, sən alicənablıq edib mənə əmanət verəsən, mən də nanəciblik göstərib ona xəyanət edəm”.