Nağıllar, hekayələr

Viktor Draqunski. Uşaqlıq dostum

Altı ya da yeddi yaşım olanda böyüyəndə nə olacağımı ümumiyyətlə bilmirdim. Ətrafımdakı bütün insanları və sənətləri çox bəyənirdim. O zaman başımda dəhşətli bir qarışıqlıq var idi, fikrim tez-tez dəyişirdi və nə ilə məşqul olacağım haqqında həqiqətən qərar verə bilmirdim.


Gah gecələr yatmamaq, teleskopla uzaq ulduzları müşahidə etmək üçün astronom olmaq istəyirdim, gah da uzaqlara səyahət etmək üçün gəmi kapitanı olmağı xəyal edirdim. Daha sonra metro sürücüsü və ya qalın bir səslə - Haaa-zııır-dııı!- qışqıran stansiya rəisi olmağı arzuladım. Bir müddət keçdi, maşınlar üçün küçə asfaltında ağ zolaqlar çəkən sənətkar olmaq istədim. 


Daha sonra mənə elə gəldi ki, Alen Bombar kimi cəsur bir səyyah olmaq və bütün okeanları kövrək bir kanoe ilə keçmək, yalnız çiy balıq ilə bəslənmək yaxşı olardı. Düzdür, Bombar səfərindən sonra iyirmi beş kiloqram arıqladı, mənim isə yalnız iyirmi altı kilo çəkim var, belə çıxır ki, onun kimi üzsəm, onda çəki vermək üçün heç bir yerim qalmayacaq, yalnız bir kilo çəkim qalacaq. Birdən heç balıq tuta bilməsəm, necə olacaq?  O zaman daha çox çəki itirəcəm və yəqin ki, havada tüstü kimi yox olacam - deyə öz-özümə düşünürdüm.


Bütün bunları hesabladıqdan sonra bu istəkdən imtina etməyə qərar verdim və ertəsi gün boks üzrə Avropa çempionatını televizorda izlədiyimə görə artıq boksçu olmaq arzusunda idim. Boksçuların məşqlərini izləməyə başladım: güclərini inkişaf etdirmək üçün bacardıqları qədər ağır dəridən olan "yumruq torbası" nı elə vururdular ki...  bütün bunlara o qədər baxdım ki, nəhayət, həyətdəki ən güclü adam olmağa, bir şey olarsa hamını döyməyə qərar verdim.


Atama dedim:


- Ata, mənə armud al!


- İndi yanvar ayıdır, armud yoxdur. Hələlik yerkökü ye.


Mən gülərək dedim:


- Xeyr, ata, onu demirəm! Yeməli armud deyil! Xahiş edirəm mənə adi bir dəridən yumruq torbası al!


- Nə üçün lazımdır sənə? – atam soruşdu.


- Məşq etmək üçün - deyə cavab verdim - Çünki boksçu olacam və hamını məğlub edəcəm. Alacaqsan, hə?


- Belə bir armudun qiyməti nə qədərdir? – atam soruşdu.


- Heç bir şey deyil...On və ya əlli rubl.


- Nə? Çox bahadır! Bir şəkildə torbasız da məşq edə bilərsən. Sənə heç nə olmaz! -atam deyib, paltarını geyinib işə getdi.


Mənə gülərək imtina etdiyinə görə atamdan incidim və anam incik olduğumu dərhal gördü və dedi:


- Dayan, deyəsən bir fikrim var. Bir dəqiqə gözlə!


Anam əyilib divanın altından böyük bir hörmə səbəti çıxardı; içərisində artıq oynamadığım köhnə oyuncaqlar var idi. Çünki mən artıq böyümüşdüm və payızda mənə məktəbli forması almalı idilər.


Anam bu səbətdə eşələnməyə başladı və bu müddət ərzində mən  təkərsiz köhnə tramvayımı, plastik tütəyimi, yelkən parçasını, qırıq oyuncaq maşınlarımı, əzilmiş canavar oyuncağımı və bir çox başqa oyuncaqlarımı gördüm. Birdən anam səbətin altından sağlam bir oyuncaq ayı çıxartdı. Divanın üstünə atıb dedi:


- Budur. Mila xalanın sənə verdiyi oyuncaq. O vaxt iki yaşında idin. Yaxşı ayıdır. Bax gör necə də bərkdir! Necə də kök qarnı var! Armuddan daha yaxşıdır! Artıq torba satın almağa ehtiyac yoxdur! İstədiyin qədər bunun üzərində məşq et! Başla!


Sonra anamı telefona çağırdılar və o dəhlizə çıxdı.


Anamın belə bir möhtəşəm fikir verdiyinə görə çox sevindim. Oyuncaq ayının üzərində rahat məşq etmək və gücümü inkişaf etdirmək üçün onu divanda rahat vəziyyətdə yerləşdirdim.


Qarşımda olduqca yaraşıqlı və fərqli gözləri olan oyuncaq ayı vardı: gözlərindən biri - sarı şüşəli, digəri isə böyük ağ düymədən idi; onun nə vaxt gözünü itirdiyini xatırlamadım, ancaq heç bir əhəmiyyəti yox idi, çünki oyuncaq ayı fərqli gözləri ilə mənə olduqca şən baxırdı və mənimlə görüşmək üçün ayaqlarını, qarnını uzadıb iki əlini sanki yuxarı qaldırmışdı ki, sanki onsuz da təslim olduğunu bildirirdi...


Bax beləcə oyuncaq ayıya bir anlıq diqqətlə baxdım və birdən xatırladım ki, əvvəllər bu Ayıdan bir dəqiqə belə ayrı qalmazdım; onu özümlə sürüyüb gəzdirərdim; nahar etmək üçün yanımdakı masaya otuzdurardım; onu öz yediyim qaşıqdan irmik sıyığından yedizdirərdim; yatağımda mənimlə birgə yatardı və onu kiçik bir qardaş kimi yelləyib, məxmər sərt qulaqlarına müxtəlif nağıllar pıçıldayardım və mən o vaxt çox sevirdim, bütün canımla sevirdim; o vaxt canımı onun üçün verərdim. 


İndi isə ən yaxın dostum, əsl uşaqlıq dostum divanda oturub, fərqli gözlərlə mənə gülümsəyir, mən isə onun üzərində gücümü sınamaq istıyirəm...


Anam dəhlizdən qayıtdı və mənim üz ifadəmi görüb soruşdu:


- Sənə nə olub axı? – anam soruşdu. - Nə baş verdi?


Mənə nə olduğunu bilmirdim, uzun müddət susdum və səsimdən və ya dodaqlarımdan mənə olanları təxmin etməməsi üçün anamdan üz çevirdim və göz yaşlarımın geri axması üçün başımı yuxarı qaldırdım, daha sonra özümdə güc toplayıb dedim:


- Nəyi deyirsən, ana? Mənə heç bir şey olmayıb... Sadəcə fikrimi dəyişdirdim. Sadəcə başa düşdüm ki, heç vaxt boksçu olmayacam!