Nağıllar, hekayələr

Dinozavr və siçan haqqında

Bir vaxtlar meşədə bir Dinozavr yaşayırdı. Tənha yaşayıb, tənha dolaşardı, çünki dostcanlı deyildi;  heç kimlə salamlaşmaz, heç kimə gülümsəməzdi. Bütün meşə heyvanları ondan qorxurdu, çünki heç kim gülümsəməyən bir Dinozavrdan nə gözlənildiyini bilmirdi. Dinozavrın yanından keçəndə bütün heyvanlar ondan gizlənirdi - kimi kolun altında, kimisi isə yuvasının içində. Bax bu cür meşədə yaşayırdılar!


Bir gün axşam Dinozavr meşədəki təpənin üstünə çıxıb yuxuya getdi. Onun özünün evi belə yox idi, çünki qonaq çağırmağa dostu olmayanın evi niyə olsun ki?


Dinozavr siçan yuvasının düz yanında uzandığını və  böyük bədəni ilə yuvanın girişini bağladığını bilmirdi. Beləliklə sakitcə yuxuya getdi.


Bir az keçmişdi ki, siçan yuvasına doğru gəldi. Nə qədər çalışsa da yuvasına daxil ola bilmədi. Dinozavrın böyük bədənini kiçik pəncələri ilə tələdi, o yana keçdi bu yana keçdi, amma bir fayda vermədi. Yuvasının qapısını Dinozavrın nəhəng bədəni tam bağlamışdı! 


Nəhayət, Dinozavr oyandı! Bəli, sadəcə oyanmadı, başladı yerində qıvrılmağa, yerdə yuvarlanmağa və bərkdən gülməyə. Dinozavr gülməyini dayandıra bilmirdi. Məlum oldu ki, onun qıdığı gəlib! Gülməkdən Dinozavrın gözlərindən yaş gəldi və asqırmağa başladı. Sakitləşdikdə balaca siçana dedi: “Məni güldürməyin necə də gözəldi! Gəl dost olaq? " "Olaq,"- siçan cavab verdi, "sadəcə yuvamdan uzaqlaş, əks halda qapını bağlamısan və mən evimə girə bilmərəm." 


"Ah, üzr istəyirəm" deyə Dinozavr nəzakətlə cavab verdi və yerindən tərpəndi.


O vaxtdan bəri siçan və Dinozavr dost oldular və hələ də dostdurlar. Birlikdə gəzirlər, cizgi filmlərinə baxırlar, oynayırlar və rəsm çəkirlər. 


Dinozavr indi çox tez-tez gülümsəyir! Meşədəki bütün heyvanlar: dovşan, tülkü, canavar, qurbağa, hətta ayı belə o vaxtdan bəri Dinozavrla dostluq edir. Birlikdə Dinozavr üçün böyük və gözəl ev tikdilər və hamısı onu ziyarətə gəldi. İndi onlar birlikdə vaxt keçirib, maraqlı və məzəli əhvalatlar danışırlar.