Nağıllar, hekayələr

Reyhan Yusifqızı. İki gül

Yolun kənarında otların arasında iki gül bitmişdi. Güllər bütün günü başbaşa verib pıçıldaşır, bir-birini sığallayır, küləyə birgə sinə gərirdi. Günəş onların ən yaxın dostu idi. Gün çıxanda sevinir, onun istisinə qızınır, özlərini dünyanın ən xoşbəxt məxluqu sayırdılar.

 

Bir gün yoldan keçən bir oğlan özü də bilmədən iri ayaqqabısı ilə güllərdən birini əzdi. O biri gül təlaşla rəfiqəsinə sarı əyilib nalə çəkdi:

 

– Ay oğlan, sən nə etdin?! Belə gözəl çiçəyi da əzərlər?

 

Gül göz yaşları ilə rəfiqəsini suladı. Sonra yarpaqları ilə onu sığallayıb qaldırmağa çalışdı, amma bacarmadı. Rəfiqəsi həddən artıq əzilmiş, gövdəsi əyilmiş, yarpaqları qatlanıb torpağa yapışmışdı. Lakin gül təslim olmadı. Rəfiqəsini xilas etmək üçün səbirlə əlindən gələni etdi. Gecələr yarpaqları ilə onun üstünü örtərək soyuqdan, gündüzlər küləkdən qorudu. Günün istisi əzilmiş gülü qızındırdı, yağış damlaları isə suladı. Torpaq ona qüvvət verdi. Hamı rəfiqəsi üçün göz yaşı tökən gülün dərdinə şərik oldu.


Nəhayət, bir gün səhər xəstə gül yerdən başqaldırdı, ləçəklərini geniş açaraq günəşə tərəf boylandı. Günəş ona gülümsədi, gül gövdəsini zəif-zəif tərpədərək günəşə öz minnətdarlığını bildirdi. Günəş dedi: “Ey gözəl gül! Düzdür, mən öz şüalarımla səni qızındırdım, lakin səni xilas edən mənim istiliyim olmadı, yanındakı o rəfiqənin sənə məhəbbəti oldu”.