Görkəmli şəxsiyyətlər

Rene Dekart

Adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilmiş Rene Dekart (31 mart 1596-11 fevral 1650) – görkəmli fransız filosofu və astroloqu, kimyagər, yazıçı, rəssam, riyaziyyatçısı və dualist fəlsəfi təlimin banilərindən biri idi. Bir çoxları tərəfindən "Müasir fəlsəfənin banisi" və ya "Müasir riyaziyyatın atası" kimi qəbul olunur. Müasir həndəsə və cəbrdə istifadə olunan Kartezian koordinat sistemi onun adı ilə bağlıdır. Dekart Qərb elmi inqilabının ən nüfuzlu simalarından biridir.

 

Dekart, Fransanın Turen vilayətinin Laye qəsəbəsində zadəgan ailəsində anadan olub. 1604-1614-cü ilə qədər La-Fleş kollecində oxumuşdur. Təhsil aldığı dövrdə və sonralar elmin, fəlsəfənin sxolastik anlayışına mənfi münasibət bəsləyirdi. Dünyanın bir çox ölkələrinə səyahət etmiş, o cümlədən Polşada, İsveçrədə, İtaliyada olmuş, qısa bir müddətdə anadan olduğu Fransada yaşamışdır.

 

1629-1644-cü illərdə Hollandiyada fəaliyyət göstərmiş, əsərlərinin əksəriyyətini də burada yazmışdır. Dekartın baxışlarının formalaşmasına təbiətşünaslıq elmləri ciddi təsir göstərmişdi. Onların təsiri altında 1629-1644-cü illərdə “Birinci fəlsəfə haqqında düşüncələr”, “Fəlsəfənin əsasları” adlı əsərlərini yazmışdır. O dövrdə oxunması qadağan edilmiş bəzi əsərləri yandırılmışdır.

 

R.Dekartın metodoloji problematikaya həsr olunmuş “Zəkanın fəaliyyəti üçün qaydalar”, “Metod haqqında düşüncə” əsərləri xüsusilə diqqəti cəlb edirdi. O, insan idrakının müxtəlif sahələrinə, etikaya aid bir sıra əsərlər də yazmışdır. Onlardan “Kainat haqqında referat”, “Ehtiras haqqında”  əsərlərinin adlarını çəkmək olar.

 

Dekart “Fəlsəfənin əsasları” kitabının müqəddiməsində fəlsəfənin predmetini müəyyən etməyə cəhd göstərmişdir. O yazırdı: “Bütün fəlsəfə bir ağaca bənzəyir. Onun kökü metafizika, gövdəsi fizikadır, həmin gövdədən ayrılmış budaqlar isə başqa elmlərdir. Bu elmlər 3 başlıca sahəyə bölünür: tibb, mexanika və etika. Ağacın meyvəsi onun kökündən və gövdəsindən dərilmədiyi kimi, fəlsəfənin xüsusi dəyərliliyi də ağacın elə hissəsindən asılıdır ki, o yalnız axıra yaxın öyrənilə bilər”’. Bu tərifdə bütün elmlərin vəhdəti nümayiş etdirilir.

 

Dekart “Zəkanın fəaliyyəti üçün qaydalar” adlı kitabında da bu məsələyə xüsusi diqqət yetirərək göstərirdi: “Bütün elmlər bir-biri ilə o qədər əlaqədardır ki, onları ayrı-ayrılıqda öyrənməkdənsə, hamısını bir yerdə öyrənmək daha asandır” Dekart elmlərin vəhdətinə xüsusi diqqət yetirsə də, onları fəlsəfə ilə qarışdırır, metafizikanı isə fəlsəfənin bünövrəsi hesab edirdi. “Metafizika” termini e.ə. I əsrdə meydana gəlmişdir.

 

O, Aristotelin fəlsəfi irsinin bir hissəsi hesab edilirdi. Aristotel özü metafizikanı “birinci fəlsəfə” adlandırmış və onu öz fəlsəfəsinin ən mühüm tərkib hissəsi sanmışdı. Aristotelin fikrincə metafizika guya hiss üzvlərinin dərk edə bilmədiyi ən yüksək varlığı dərk edir. Bütün elmlər üçün vacib olan, bütün mövcudatın dəyişməz başlanğıcı sayılan bu varlıq təcrübəyə əsaslanmadan metafizika vasitəsilə öyrənilir. Orta əsrlərdə də metafizika yuxarıdakı mənada işlədilirdi. O, ilahiyyatın fəlsəfi cəhətdən əsaslandırılması üçün vacib bir metod kimi istifadə olunurdu.

 

Yeni dövrdə isə, təxminən XVI-XVII əsrlərdə Dekartın, Leybnitsin, Spinozanın fəlsəfəsində metafizika təbii-elmi və humanitar biliklərlə bir yerdə çıxış edirdi. Bunu metafizikanın müsbət keyfiyyəti kimi qiymətləndirmək olar. Yeni keyfiyyət qazanmış metafizika riyaziyyatda, fizikada və digər dəqiq elmlərdə bir sıra kəşflər edilməsinə imkan yaratdı. Lakin XVIII əsrdə Dekart metafizikasının bu mühüm xüsusiyyəti öz köhnə mənasını itirdi. Yeni dövrdə metafizika antidialektik, dialektikaya əks olan bir metod kimi istifaə olunmağa başladı.

 

Dekart fəlsəfəsinin səciyyəvi xüsusiyyətlərindən biri də elmi təfəkkürlə ümumi fəlsəfi prinsiplərin ələqaləndirilməsi idi. O belə hesab edir ki, təbiətşünaslıq elmləri kəşflərlə kifayətlənməməli, onları fəlsəfi cəhətdən ümumiləşdirməlidir. Bunun üçün elmi təfəkkürlə fəlsəfi prinsiplər əlaqələndirilməlidir. Həmin əlaqə olmadan nə dünyanı yeni üsullarla dərk etmək, nə də ki, idrak prosesinin özünü düzgün başa düşmək olar. Bu mənada Dekart folsəfəsi Bekon fəlsəfəsindən xeyli irəli getmişdi. Belə ki. Bekon fəlsəfəsi yeni dövrün təbiət elmlərinə, onun nailiyyətlərinə rəğbətlə yanaşır, lakin həmin elmlərin fəlsəfi cəhətdən əsaslandırılmasına lazımi diqqət yetirmirdi.

 

Dekart fəlsəfəsində isə ümumi şəkildə olsa da, əvvəlcə kainat haqqında yeni nəzəriyyənin əsası qoyulur, həmin dövrə qədər təbiətşünaslığın bu sahədəki məlum nailiyyətləri ümumiləşdirilir və fəlsəfi cəhətdən əsaslandırılırdı. Ona görə də Dekart fəlsəfəsi öz dövrü üçün xüsusi əhəmiyyət kəsb edən, dünyanın yeni qaydada əsaslandırılmış mənzərəsini yarada bilən və təbiətşünaslıq elmlərinin inkişafının gələcək istiqamətlərini müəyyən etməyə qadir olan bir təlim kimi qiymətləndirildi.

 

Dekart eyni zamanda fəlsəfi təfəkkürün özünün inkişafına əhəmiyyətli təsir göstərdi. Hegel onu belə xarakterizə edirdi: “Dekart fəlsəfəni tamamilə yeni bir istiqamətə yönəldə bildi. Bununla da fəlsəfənin yeni dövrü başlandı. O belə hesab edirdi ki, fikir özü-özündən başlanmalıdır. Həmin vaxtdan bütün keçmiş fəlsəfəçilik və xüsusilə kilsənin nüfuzlu adamlarma istinad edən filosoflar rədd edildilər”.

 

Dekart hər bir fəlsəfənin birinci müəyyənliyini şüurun, təfəkkürün müəyyənliyində görürdü. Hegel Dekart fəlsəfəsinin bu müddəalarını belə təhlil edirdi: “Yalnız təfəkkürdən çıxış etmək lazımdır” tələbini Dekart aşağıdakı sözlərlə ifadə edirdi: “Hər şeyi şübhə altına almaq lazımdır” — bu mütləq başlanğıcdır. Beləliklə, o, fəlsəfənin birinci şərtini bütün təriflərin rədd edilməsində görürdü”.

 

Dekartın şübhələri və “bütün təriflərin rədd edilməsi” haqqında danışılanda söhbət həmin təriflərin mövcud olmasının qeyri-mümkünlüyündən getmir. Dekart heç bir zaman skeptik olmamış və dünyanın dərk olunmasını şübhə altına almamışdır.

 

Dekart “hər şeyi şübhə altına almaq” prinsipini bir məqsəd kimi deyil, bir vasitə kimi qəbul etməyi qarşıya qoyurdu. Hər şeyi şübhə altına almaq prinsipinin nə kimi əhəmiyyəti var? Hegel həmin suala cavab verərək deyirdi ki, bu prinsipə əməl edən filosof hər cür xürafatdan, mövhumatdan imtina edir, hər şeyi təfəkkürdən başlayır, yalnız bundan sonra doğru bir yol seçir, əsl başlanğıcı düzgün müəyyən edir”.

 

Dekartm “Metod haqqında mühakimə” əsəri və burada irəliyə sürülmüş fikirlər, mülahizələr yeni dövrün fəlsəfi fikrinin və elminin inkişafı üçün böyük rol oynamışdır.

 

1640-cı ildə Dekart differensial tənliklərin toxunan problemləri həllini işləyir. Dekart o məsələnin həlli üçün əyriyə toxunan çevrə götürür. Bu çevrə əyrini iki nöqtədə kəsir və yaxud bir nöqtədə toxunur. Bununla ona xüsusi əyrilər üçün toxunan artımını təyin etmək nəsib olur. Bu üsul o dövr riyaziyyatçıları arasında böyük maraq doğursa da, məsələnin tam həllini mümkün etməmişdir.

 

İki teorem Dekartın adı ilə bağlıdır. İşarələmələrlə verilmiş polinomun yuxarı və aşağı hədlərini həqiqi ədədlərlə təyin etmək mümkündür. 1643-cü ildə dörd çevrə teoremi toxunan çevrələr problemini həll edir. Burada bir-birinə toxunan üç çevrəyə toxunan başqa birisi tapılır ki, hansı ki, daha başqa üçünə toxunur.

 

Rene Dekartın şəxsi həyatı haqqında az məlum var. Evli olmayıb, lakin yetkin yaşlarında qulluqçuya aşiq olur və qızı Fransina dünyaya gəlir. Dekart qızını çox sevirdi,  ancaq Fransina beş yaşında skarlatin xəstəliyi səbəbindən dünyasını dəyişir. Alim onun ölümünü həyatının ən böyük faciəsi adlandırırdı.

 

Ren Dekart illər ərzində elmə gətirdiyi yeni baxışlarına görə qınaqlara məruz qalıb. 1649-cu ildə İsveç Kraliçası Kristina tərəfindən Stokholma dəvət edilir və ora köçür. Dekart uzun illər kraliça ilə dostluq edir və Kristina alimin dahiliyinə heyran qalır və ona əyalətinin paytaxtında sakit bir həyat vəd etdi. Təəssüf ki, Rene Stokholmda həyatdan uzun müddət zövq ala bilmir: köçdükdən bir müddət sonra soyuqlayır. Soyuq sürətlə sətəlcəmə çevrilir. Alim 11 fevral 1650-ci ildə vəfat edir.