Nağıllar, hekayələr

Tamahkar ağa ilə çoban

Keçmiş zamanlarda varlı bir kişi yaşayırdı. Bu kişinin böyük qoyun sürüsü, bir də təmizürəkli bir çobanı vardı. Bu çoban hər gün qoyunları sağıb südünü ağasına aparırdı. Ağası isə həmin südə su qatıb bazarda satdırırdı.

 

Çoban çalışırdı ki, ağasını bu işdən çəkindirsin. Deyirdi ki, camaatı aldatmaq olmaz, günahdır. Amma xeyri yox idi. Acgözlük ağanın gözünü tutmuşdu.

 

Bir gün qoyunlar dərədə otlayırdı. Çoban isə təpənin başında yapıncısını yerə sərib oturmuşdu. Hava qəfildən tutuldu, qara buludlar göyün üzünü aldı. Bir yağış başladı ki, gəl görəsən. Dərədə sellər-sular oynadı, bütün qoyunlar da suda boğulub öldü.

 

Çoban qoyun sahibinin yanına getdi. Kişi çobanın əliboş gəldiyini görüb təəccübləndi, soruşdu:

 

– Bəs süd hanı?

 

Çoban dedi:

 

– Ay ağa, sənə nə qədər dedim ki, südə su qatma, camaatı aldatma, axırı yaxşı olmaz, amma sözümə qulaq asmadın. İndi camaata süd əvəzinə satdığın o sular bir yerə cəm olub hücuma keçdi və sənin bütün qoyunlarını apardı.

 

Sürünün sahibi nə qədər dizinə-başına döysə də, artıq gec idi. Atalar demişkən: Sonrakı peşmançılıq fayda verməz!