Zarafat
İki dost şəhər ətrafına gəzməyə çıxmışdı. Bunlardan biri varlı və zarafatcıl gənc, digəri isə məşhur ədib idi. Dostlar şirin söhbət eləyə-eləyə gəzişirdilər.
Yaxınlıqdakı tarlada kəndlilər işləyirdilər. Yol qırağındakı ağacın altında süfrə salınmışdı. Süfrədə qab-qacaq, yanında bir cüt başmaq var idi. Görünür, tarlada işləyənlər burada nahar etmişdilər. Başmaqlar da onlardan birinin idi.
Cavan oğlan dostuna dedi:
– Mən zarafat üçün bu başmaqları götürüb gizlədəcəyəm. Qoy yiyəsi işdən qayıdanda onları axtarsın, biz də qıraqdan baxıb ləzzət alarıq.
O biri dedi:
- Dostum, əgər bu adam başmaqlarını çirkləndirmək istəmirsə, deməli, ehtiyac içində yaşayır. Yoxsullarla belə zarafat eləmək yaxşı deyil. Sən dövlətli olduğun üçün onunla başqa cür zarafat eləyə bilərsən.
Gəl hər başmağa bir manat pul qoy. Sonra da bir tərəfdə gizlənib tamaşa elə.
Oğlan dostunun dediyinə əməl elədi. Sonra hər ikisi ağacın dalında gizləndi.
Az keçmiş bir kişi işini qurtarıb yorğun halda süfrənin yanına gəldi. Başmaqlarını geyinmək istəyəndə içindəki pulları görüb heyrətlə dörd tərəfə baxdı, ancaq bir adam görmədi. Kişi elə sevinmişdi ki, yerə-göyə sığmırdı. O, dizi üstə çöküb üzünü göyə tutdu:
– Ya Rəbbim, ürəklərin sirrini bilən yalnız sənsən! Bilirsən ki, körpə uşaqlarım evdə ac-yalavac oturublar, anaları yataq xəstəsidir. Özümdə bir qəpik pul yox, başqalarına ağız açmağa da üzüm gəlmir. İlahi! Sənə çox şükür, məni dardan qurtardın. Ya Rəbbim, bu pulu mənə yetirəni xoşbəxt elə!
Bu səhnə oğlana elə təsir etdi ki, gözləri yaşardı. Dinməz-söyləməz dönüb dostuna baxdı.
Ədib bunu görüb dedi:
- İndi de görüm, hansımızın zarafatı yaxşı oldu?..
05.02.2021