Nağıllar, hekayələr

Yalançı çoban

Ucqar dağ kəndində bir çoban yaşayırdı. O hər gün səhər kənd camaatının qoyun-quzusunu yığıb otarmağa aparır, bütün gününü qoyunlarla keçirirdi.

 

Bir gün çoban, həmişəki kimi, sürünü otarırdı. O, çox darıxırdı. Ətrafda kəlmə kəsməyə bir adam yox idi. Qoyunlar da danışa bilmirdi ki, onlarla söhbət eləsin. Axırda çoban qərara gəldi ki, kənd camaatı ilə zarafat etsin. Kəndin yaxınlığındakı təpənin üstünə çıxıb var gücü ilə qışqırdı:

 


– Ay camaat, köməyə gəlin! Sürüyə canavar girib!

 

Kəndlilər onun səsini eşitdilər. Kimisi əlinə yaba, kimisi də balta alıb otlağa tərəf qaçdı. Gəlib gördülər ki, canavar-zad yoxdur.

 

Çoban çomağını əlinə alıb “Aldatdım, aldatdım” deyə-deyə oynamağa başladı.

 

Adamlar başlarını bulayıb narazı halda kəndə qayıtdılar.

 

Aradan bir neçə gün keçdi. Bir gün axşamüstü yenə təpənin başından çobanın səsi gəldi:

 

– Ay aman, imdad! Canavar qoyunu apardı!

 

Adamlar yenə də əllərinə keçəni götürüb təpənin o tayına qaçdılar. Çoban yenə gülə-gülə onları lağa qoydu.

 

Bir müddət də keçdi. Günlərin bir günü çoban yenə qoyunları otarırdı. Birdən meşədən üç canavar çıxıb sürüyə hücum etdi. Başladılar əllərinə keçən qoyun-quzunu parçalamağa. Çoban gördü ki, canavarlarla bacarmayacaq. Kəndə tərəf qaçıb qışqırmağa başladı:

 

– Ay camaat, qoymayın! Canavar sürünü qırıb qurtardı!

 

Kənd camaatı həyət-bacada öz işi ilə məşğul idi. Adamlar səs gələn tərəfə baxdılar. Ancaq heç kim yerindən tərpənmədi. Onlar artıq çobana inanmırdılar. Beləcə, canavarlar sürünün axırına çıxdı.