Nağıllar, hekayələr

Elvira Məmmədova. Zibil qabının arzusu

Biri var idi, biri yox idi. Güllər, çiçəklər, yaşıllıqlar içərisində bir parkda köhnə bir zibil  qabı var idi. Bu parka gəzməyə, oynamağa, istirahət etməyə gələnlər əllərinə keçəni bu zibil qabına tullayardılar.   Dondurma kağızı, su butulkası, sınıq oyuncaq, daha nələr, nələr... Zibil qabı hər gün ağzına qədər dolu olardı. Günlər, aylar, illər beləcə keçərdi. Zibil qabı öz zibil dolu həyatından bezmişdi. Onun yanından keçən hər kəs üzünü yana çevirib burnunu tutardı. Zibil qabı ətirli, gözəl-göyçək gül-çiçəklərə həsədlə baxardı.


- Eh, kaş ki, mən də bir günlük gül-çiçək olaydım. Məni də qoxlayıb, bəh-bəh deyərdilər. Yanımda dayanıb şəkil çəkdirərdilər. “Necə də gözəldir”,- deyə gözəl sözlər söyləyərdilər. 


Gül ömrü yaşamaq arzusu vardı köhnə zibil qabının. Bir gün parkın təmizlik və təmir işlərinə baxan xidmətçiləri parka yeni zibil qabları və  skamyalar  gətirdilər. Köhnə zibil qabını görüb bir xeyli fikrə getdilər.  Onlardan biri:


 - Gəlin bu zibil qabına ikinci həyat verək. -  Deyə fikrini bildirdi. Zibil qabı ətrafına toplaşan bu insanların sözündən həyəcanlandı. Titrək səslə soruşdu:


- Necə yəni ikinci həyat? Yenə də zibil yığmağa qulluq edəcəyəm? Bezdim! Məni də zibilə atın! 


 Amma heç kəs onu eşitmirdi. Köhnə zibil qabının arzularından, düşüncələrindən hamı bixəbər idi...


Bir həftə keçdi. Həmin parkın girişində zibil qabı, yox-yox, gül qabı qoyulmuşdu. İkinci həyatını yaşayan zibil qabı. Bəli, parkın təmizlik və təmir işlərinə baxan insanlar zibil qabının içini boşaldıb, rəngləyib, torpaq doldurmuşdular. Torpaqda isə çəhrayı çiçəkləri olan ətirli güllər əkmişdilər. 


Bax, beləcə indi hər kəs zibil qabının yanından ötəndə: “Nə gözəldir, bu parka çox yaraşır”,- deyə zibil qabında bitən çiçəkləri qoxlayır, bəh-bəh deyir. Zibil qabı isə arzusuna çatmışdı.