Nağıllar, hekayələr

Gülşən Orucova. Parkda hadisə

Vasif dərslərini hazırlayanda kiçik qardaşı Toğrul həmişə ona mane olurdu, onunla oynamaq istəyirdi. Ancaq Toğrulla oynamaq Vasif üçün maraqsız idi.


Bir dəfə Toğrul yenə Vasifə yaxınlaşanda qardaşı onun üstünə qışqırdı. Əlindəki dəftərlə onu vurdu. Toğrul ağladı. Bunu görən atası başını buladı.

 

Ertəsi gün Vasif atası ilə parka gəzməyə çıxmışdı. Parkdakı skamyada oturub söhbət edirdilər. Onların yanında, otluqda yekə bir it uzanmışdı. Birdən balaca bir it hürə-hürə ona yaxınlaşdı. Uzanmış it tənbəl-tənbəl başını çevirib ona baxdı, ancaq yerindən tərpənmədi. Balaca it hürə-hürə onun dörd tərəfinə fırlanırdı. Bəzən hətta pəncəsini onun quyruğuna, belinə toxundururdu. Yekə it isə tərpənmək bilmirdi ki, bilmirdi. Hərdən balaca it çox yaxınlaşanda iri pəncəsi ilə onu ehmalca kənara itələyirdi.

 

Vasif atasına dedi:

 

– Bu boyda it balaca bir itin şıltaqlığına necə dözür? Axı istəsə, bir pəncəsi ilə onu əzə bilər.

 

– Elədir, oğlum, ancaq böyüklər və güclülər kiçiklərə və zəiflərə qarşı həmişə dözümlü olmalıdırlar. Sən də çalışmalısan ki, öz kiçik qardaşınla mehriban rəftar edəsən. Axı o, balacadır, hələ çox şeyi başa düşmür.

 

 

Atasının bu sözləri Vasifə Toğrulla kobud davranmağını xatırlatdı. O, çox utandı, qərara gəldi ki, bu gündən qardaşı ilə mehriban olsun.