Nağıllar, hekayələr

İsa Hümmətov. İki alma

Tofiq riyaziyyat dəftərini anasına göstərib soruşdu:

 

– Anacan, gör məsələni düz həll eləmişəm?

 

Ana onun dəftərinə baxıb dedi:

 

– Yox, oğlum, səhvdir, iki alma çatmır. Yaxşı fikirləş, yoxsa pis qiymət alarsan.

 

Səhər ana Tofiqi məktəbə, Sevdanı bağçaya yola salanda hərəsinə bir qırmızı alma verdi.

 

Axşam dərsdən qayıdanda Tofiq anasına dedi:

 

– Anacan, səhər sən mənə bir alma vermişdin. Ancaq məktəbdə çantanı açanda gördüm ki, orada iki alma var. Bu necə ola bilər?


Birdən Sevda dilləndi:

 

– O biri almanı çantaya mən qoymuşdum.

 

Ana təəccüblə soruşdu:

 

– Niyə, qızım, sən ki almanı çox xoşlayırsan?

 

– Xoşlayıram. Amma almanı verməsəydim, Tofiq pis qiymət alardı axı!

 

Ana ilə Tofiq bir-birinin üzünə baxıb gülüşdülər. Sonra ana Sevdanı qucağına alıb öpdü və dedi:

 

– Ay mənim mehriban, qayğıkeş qızım!