Sehrli söz
Parkdakı yaşıl skamyada qoca bir kişi oturmuşdu. Onun uzun, ağ saqqalı var idi. Əlindəki çətirlə torpaqda nə isə cızırdı.
Balaca Pərviz qocaya yaxınlaşıb acıqlı səslə dedi:
– Bir az çəkilin. Mən də oturmaq istəyirəm.
Qoca kənara çəkilib Pərvizə yer verdi. Balacanın qızarmış, hirsli üzünə baxıb dedi:
– Sənə nə olub?
– Mənə heç nə. Nədir ki?
– Sən kimdənsə küsmüsən. Özün də ağlamısan.
– Düzdür. Haradan bildiniz?
– Mən sehrbazam.
Bah! Elə bilirsiniz, uşağam? Yox, mən belə şeylərə inanmıram.
– Demək istəyirsən ki, heç kimdən küsməmisən? – qoca incik səslə soruşdu.
– Yox. Düzdür, mən evdəkilərdən küsmüşəm. Belə getsə, evdən qaçacağam.
– Qaçacaqsan?
– Hə, qaçacağam. Leylanın nə qədər flomasteri var, birini də mənə vermir.
– Buna görə evdən qaçarlar?
– Təkcə bu olsaydı, nə var idi! Nənəm bir qoğala görə məni mətbəxdən qovdu. Qardaşım qayıq sürməyə gedir, məni aparmır. Heç kim məni sevmir. Yox, qaçacağam evdən.
Qoca uzun saqqalını tumarlayıb fikrə getdi. Sonra üzünü Pərvizə çevirib dedi:
– Hə, balaca, sənin işin çətindir. Amma mən sənə kömək edə bilərəm. Bir sehrli söz bilirəm. Onu kimə desən, səndən heç nə əsirgəməz. Ancaq bu sözü deyəndə həmin adamın düz gözlərinə baxmaq lazımdır.
Pərviz qocanın sözlərinə inanmasa da, yavaşca soruşdu:
– O nə sözdür elə?
Qoca əyilib oğlanın qulağına nə isə pıçıldadı və ucadan dedi:
– Amma sözü demək qaydasını unutma ha!
– Mən indi yoxlayaram.
Bunu deyib Pərviz ayağa qalxdı və evlərinə sarı qaçdı.
16.12.2020