İki güzgü
Dərsdən çıxan Leylanın qızlarla bir az oynayandan sonra qaşqabağı açıldı. Riyaziyyatdan aldığı “3” qiymətini də bir anlığa unutdu. Rəfiqələri ilə gülə-gülə sağollaşdı:
– Sabaha qədər!
Evlərinə gedən yolda böyük bir mağaza vardı. Leyla mağazanın qarşısında dayanıb şüşənin arxasındakı manekenlərə – əyinlərinə al-əlvan paltarlar geyindirilmiş cansız gözəllərə baxdı. Ürəyindən keçdi ki, kaş o boyda bir kuklası olaydı.
Leyla vitrinin böyük güzgüsündə özünə baxıb razı halda gülümsədi: güzgüdə məktəbli forması geymiş qırmızıyanaq, şən bir qız görünürdü.
Yoluna davam edən Leylanın yadına nə düşdüsə, ayaqlarını sürüməyə başladı. Öz-özünə dedi: “Anam məni aşağı qiymət aldığıma görə danlayacaq. Nənəm, həmişəki kimi, dərman dalınca aptekə göndərəcək”. Bunları düşündükcə Leylanın üzündəki təbəssüm yavaş-yavaş çəkilirdi.
Qapının zəngini basanda Leylanın qaşqabağı yer süpürürdü. Nənəsinin addım səsləri gəldi. Bir azdan qapı açıldı:
– Ay mənim gözəl qızım, yemək istəyirsən? – Səlimə nənə mehribancasına soruşdu.
“Hər gün eyni şey! – Leyla qəzəblə düşündü. – Guya bilmir, nə istəyirəm, nə istəmirəm. Təki danışsın”.
– Mənim balam niyə belə kefsizdir? Xəstələnmisən, yoxsa “2” almısan? – deyə nənə soruşdu.
Leyla çığırdı:
– Niyə elə “2”?
– Nənənin üstünə qışqırma!
– Məni dərs hazırlamağa qoymursan.
O biri otaqdan Zərifənin səsi eşidildi:
– Dərsinə bax bunun! Guya mən bilmirəm, ikinci sinifdə nə keçirlər?! Gəl mənim dərslərimi oxu, görüm necə oxuyursan!
– Üzündən zəhər tökülür, kobud! – Leyla incik-incik dilləndi. – Bir özünə güzgüdə bax.
– Özünsən kobud! Mən indi sənə göstərərəm...
Leyla qaçmağa hazırlaşanda qəfildən gözü güzgüdə özünə sataşdı: qaşları çatılmış, qəzəbli, hirsindən dodaqları əyilmiş bir qız. Yəni bu, bir az əvvəl mağazanın vitrinindəki güzgüdə gördüyü gülümsəyən qızdır?
Görəsən, bu qızlardan hansı əsl Leyladır?
15.12.2020