Nicat və Dəcəl
Bir kənddə Nicat adlı balaca bir oğlan yaşayırdı. O hər gün şəhərə su aparıb satardı ki, ata-anasına kömək olsun. Bu işdə ona Dəcəl adlı balaca eşşək kömək edərdi. Nicat eşşəklə elə dostlaşmışdı ki, bir gün belə ondan ayrı dura bilmirdi.
Bir gün yenə Nicatla Dəcəl evdən çıxdılar. Anası Nicata çörək də verdi ki, yolda ac qalmasın. Dostlar səhəngə bulaq suyu doldurub şəhərə yetişdilər. Bütün günü şəhəri gəzib-dolaşdılar, camaata su satdılar.
Axşam düşdü, qaş qaraldı. Dostlar şəhərin kənarında bir otluq yerdə gecələməyi qərara aldılar. Oturub yemək yedilər, su içdilər. Bir də gördülər ki, səhəngin ağzında bir Böcək var. Nicat əli ilə Böcəyi qovmaq istəyəndə barmağı dəydi, Böcək suyun içinə düşdü. Yazıq Böcək səhəngin içində ha çalışırdı ki, sudan çıxsın, sürüşüb yenidən suya düşürdü. Nicat dedi: “Yaxşı olur sənə, mənim səhəngimdə nə işin var idi?!”
Beləcə, Dəcəllə Nicat otların üstündə büzüşüb yatdılar. Böcək isə səhəngin içində qaldı...
Səhər dostlar yuxudan oyanıb nə görsələr, yaxşıdır? Nicat da, Dəcəl də kiçilib otdan balaca olmuşdular. Hələ bu, bir yana qalsın, Dəcəl insan kimi dil açmışdı. O dedi:
– Nicat, mən bilən, bütün sirr Böcəkdədir. Sən axşam ona kömək eləmədin axı!..
Nicat dedi:
– Düz deyirsən. Kömək elə, Böcəyi səhəngdən çıxaraq, bəlkə, tilsim sındı.
Nicat Dəcəlin belinə mindi. Əlini uzadıb səhəngin qulpundan yapışdı. O, yuxarı çıxmaq istəyəndə birdən səhəng aşdı, içindəki su töküldü. Böcək də suqarışıq torpağa düşdü. Nicat üzünü Böcəyə tutub dedi:
Məni bağışla, ay Böcək. Bəs indi biz neyləyəcəyik, evə necə gedəcəyik?
– Nicat, gecə acığım tutdu, sizi ovsunladım. İndi görürəm, ikiniz də xeyirxahsınız. Daha sizə acığım tutmur. Ancaq mən ikinizdən birini əvvəlki vəziyyətə qaytara bilərəm. İndi seçin!
Dəcəl dedi:
– Nicatı böyüt.
Nicat dedi:
– Yox, yox! Dəcəli böyüt.
Bunu görən Böcək dedi:
– Mən sizi sınayırdım. İndi gördüm ki, əsl dostsunuz. Sizin ikinizi də böyüdərəm.
Böcək bir ovsun oxudu və dostlar əvvəlki boyda oldular. Onlar sevincək Böcəyə “çox sağ ol” deyib yola düzəldilər.
12.12.2020