Nağıllar, hekayələr

Valentina Oseyeva. Üç ana, üç oğul

Bir kənddə üç qadın yaşayırdı. Hərəsinin bir oğlu vardı. Qadınlar öz oğullarını çox sevir, onlarla fəxr edirdilər.

 

Bir gün analar kəndin yaxınlığındakı bulaqdan evlərinə su aparırdılar. Vedrələr ağır olduğundan onlar tez-tez dayanıb dincəlirdilər. Hər dəfə ayaq saxlayanda söhbətləşir, öz oğullarından danışırdılar.

 

Birinci qadın alnının tərini silib dedi:

 

– Mənim oğlum çox güclüdür. Kənddə yaşıdlarından heç kim onun qabağında duruş gətirə bilmir...

 

– Mənim oğlumun elə səsi var ki, oxuyanda bülbüllər də susub ona qulaq asır. 

 

Üçüncü qadın sakitcə dayanmışdı. Onun susduğunu görən birinci qadın soruşdu:

 

– Ay bacı, sən niyə danışmırsan? Bəs sənin oğlun hansı bacarığın yiyəsidir?

 

– Nə deyim, vallah? Mənim oğlumun nə sən deyən gücü var, nə də səsi. 

 

Qadınlar yola davam etdilər. Bir azdan onlar kəndə çatıb küçədə oğullarını gördülər. Birinci qadının oğlu ağır daşları başı üzərinə qaldırıb yerə atırdı. Bir az kənarda ikinci qadının oğlu zil səslə bir mahnı oxuyurdu. Üçüncü qadının oğlu da küçədə idi. O, anasını görcək yaşıdlarından ayrıldı, qaça-qaça gəlib vedrələri ondan aldı.

 

Yolda, daşın üstündə bir ağsaqqal kişi oturmuşdu. Birinci qadın üzünü ona tutub dedi:

 

– Ağsaqqal, sən bizim oğullarımızı tanıyırsan. Onlar haqqında nə deyə bilərsən?

 

– Hansı oğullardan danışırsınız? Mən burada yalnız bir oğul görürəm, – deyə ağsaqqal üçüncü qadının oğlunu göstərdi.