Nağıllar, hekayələr

Kəlilə və Dimnə-nin yaranması

Bu kitab qədim Hindistan torpağında hind filosofları tərəfindən yazılmışdır. Rəvayətə görə, Hindistanın Dəbşəlim adlı bir şahı varmış. Bu şah əvvəl-əvvəl mərhəmətli və qayğıkeş olsa da, sonralar şah taxtı onu çaşdırır və o, xalqı, öz şahlıq borcunu unudur. Ölkədə özbaşınalıq, haqsızlıq baş alıb-gedir, zülm və cinayətlərin sayı artır. Şaha şikayətə gələnlər də heç nəyə nail ola bilmirlər. Çünki şah heç kəsin şikayətini dinləmir.

 

Bu ölkədə Beydəba adlı bir filosof yaşayırmış. Beydəba bir neçə şagirdi ilə bərabər dünya elmlərilə məşğul olsa da, xalqı da unutmurmuş. Həmişə kəndləri gəzir, kasıblara əl tutur, düzgünlüyün və haqqın tərəfində olurmuş.

 

Ölkədə baş verənləri o da görür və biganə qala bilmir. Axırda da qərara gəlir ki, özü şahın yanına getsin və ölkədəki vəziyyətin səbəbini öyrənsin.

 

Dəbşəlim şah Beydəbanı qəbul edir və onu dinləməyə başlayır.

 

Beydəba şahla çox sərt danışır. Xalqın sayəsində bu taxt-tacda otursa da, xalqın dərdi ilə maraqlanmadığına görə onu məzəmmət edir. Əlbəttə ki, bu, şahın heç xoşuna gəlmir.

 

Əmr edir ki, Beydəbanı çarmıxa çəkib, edam etsinlər. Əmri icra etmək üçün onu aparanda şah fikrini dəyişir və əmr edir ki, Beydəbanı zindana salsınlar.

 

Alim bir müddət zindanda qalır. Onun şagirdləri hərəsi bir ölkəyə qaçmağa məcbur olur.

 

Günlərin bir günü şah səmaya, ulduzlara baxıb, fikrə dalır və birdən yadına Beydəba düşür, əmr edir ki, onu zindandan çıxarıb, hüzuruna gətirsinlər. Beydəbanı gətirəndən sonra şah onunla təklikdə söhbət edəcəyini deyib, hamını otaqdan çıxarır. Onlar uzun söhbət etdikdən sonra şah alimlə razılaşır. Ona sarayda qalmasını təklif edir. Beydəba razılaşmaq istəmir, lakin sonra düşünür ki, sarayda yaşasa, şaha daha yaxşı nəzarət edə bilər. Ona görə də o razılaşır. Şah Beydəbanı vəzir təyin edir.

 

O gündən camaat ağ günə çıxır. Bütün işlər qaydasına düşür. Xalq şahdan da, vəzirdən də çox razılıq edir. Bəydəba bundan çox kədərlənir.

 

Günlərin bir günü öz kitabxanasındakı kitabları nəzərdən keçirən şah fikirləşir ki, bir gün ölüb-gedəcək, lakin ondan yadigar bir şey qalmayacaq. Ona görə də o, Beydəbanı yanına çağırır. Ondan elə bir kitab yazmağını xahiş edir ki, orada əyləncə, zarafat, ciddiyyət, hikmət və fəlsəfə bir yerdə olsun. Ağıllı adamlar ondan həm hikmət dərsi alsınlar, həm də gülməkdən özlərini saxlaya bilməsinlər.

 

Beydəba şahın əmrini yerinə yetirməyə hazır olduğunu deyir. Lakin vaxt istəyir. Şah ona bir il vaxt verir. Sonra çoxlu hədiyyələr və ənamlarla Beydəbanı yola salır.

 

Beydəba bu kitabı necə yazmaq haqqında çox fikirləşir. Axırda qərara gəlir ki, bu kitabdakı danışıqları heyvanların və quşların dililə versin. Kitabı on dörd fəslə bölür. Hər fəsildə sual-cavab olur. Beydəba bu kitabı “Kəlilə və Dimnə” adlandırır.

 

Onu da qeyd edək ki, Kəlilə və Dimnə iki çaqqalın adıdır. Alim bu kitabı təmsillər şəklində yazır ki, kitab zahirən sadəliyi ilə adamları cəlb etsin, əyləndirsin, daxili mənasına görə isə ağıllı adamlara ibrət olsun.

 

Beləliklə, buradakı heyvan surətləri əyləncə, onların dedikləri isə hikmət və nəsihət oldu.