Görkəmli şəxsiyyətlər

Fətəli xan Xoyski

Fətəli xan Azərbaycan Xalq Cümhuriyyətini yaradanlardan biri və Cümhuriyyətin ilk Nazirlər Kabinetinin sədri, yəni, ilk Baş naziri olub. Milli dövlətin qurulmasında və tanıdılmasında böyük xidmətlər göstərib. Cümhuriyyətin süqutundan bir neçə ay sonra Tiflisdə erməni terrorçuları tərəfindən qətlə yetirilib. Gəlin bu görkəmli şəxsiyyətin ömür yoluna və fəaliyyətinə qısaca bir nəzər salaq.

 

Keçmiş xan nəslindən olan Fətəli 1875-ci il dekabr ayının 7-də Şəkidə doğulmuşdu. Həmin dövrün kübar təbəqəsinə mənsub olduğundan yaxşı təhsil ala bilmışdı. Moskva Universitetinin hüquq fakültəsini bitirəndə 22 yaşı vardı...

 

Xidməti fəaliyyətinə Tiflis məhkəmə palatasında başlayan Fətəli xan Xoyski 1907-ci ildə dörd azərbaycanlı ilə bərabər Rusiya Dövlət Dumasına deputat seçilir. Dumada insanlara milli və dini mənsubiyyətə görə məhdudiyyət qoyulması prinsiplərinin ləğvinə dair qanun layihəsini təqdim edən 173 deputatdan biri olur.

 

Onun deputatlığı cəmi dörd ay çəkir. 1907-ci ilin dekabrında Dövlət Dumasına deputat seçilən Fətəli xan 1908-ci ilin iyun ayında çar II Nikolayın dumanı buraxması ilə bu missiyasını başa vuraraq peşəkar fəaliyyətinə qayıdır. Əvvəlcə Yelizavetpol (Gəncə), daha sonra Bakı dairə məhkəmələrində işləyir. Eyni zaman, bir sıra xeyriyyə təşkilatlarında ictimai fəaliyyətlə məşğul olur.

 

1917-ci ildə Rusiyada baş verən oktyabr çevrilişi baş verəndə  bunu qəbul etməyən Fətəli xan Xoyski Tiflisə gedir və Zaqafqaziya seyminin azərbaycanlılardan ibarət fraksiyasına daxil olur. 1918-ci il aprelin 22-də Zaqafqaziya hökumətində ədliyyə naziri vəzifəsini tutur.

 

O dövrdə hadisələr çox sürətlə cərəyan edirdi. Zaqafqaziya seymi ömrünü çox tez başa vurur. 1918-ci il mayın 27-də tərkibinə Fətəli xanın da daxil olduğu Azərbaycan fraksiyası Azərbaycan Milli Şurasını yaradır. Şuranın bir gün sonra – mayın 28-də keçirilən ilk iclasında Azərbaycan Xalq Cümhuriyyətinin yaradıldığı elan olunur. Fətəli xan Xoyski yeni yaradılan Cümhuriyyətin başçısı seçilir.

 

Birinci Nazirlər Kabinetini formalaşdırmaq ona həvalə edilir. O, ikinci və üçüncü kabinetin də sədri olur, eyni zamanda, həmin kabinetlərdə ədliyyə naziri və xarici işlər naziri vəzifələrini icra edir. Həyat və fəaliyyətinin bu dövrünü bütünlüklə Azərbaycanın ərazi bütövlüyünün qorunub saxlanması, Ermənistandan və erməni millətçilərindən gələn təhlükələrin dəf edilməsi uğrunda mübarizəyə həsr edir...

 

Azərbaycanın müstəqilliyinə əsas təhlükə isə şimaldan, Rusiyadan gəlməkdə idi. Fətəli xan bunu görür və yaxınlaşmaqda olan təhlükənin qarşısını diplomatik vasitələrlə almağa cəhdlər edirdi.

 

1920-ci il dekabrın 5-də Rusiya Xarici İşlər Xalq Komissarlığına bu məzmunda bir nota göndərir: “Azərbaycan hökuməti rus və Azərbaycan xalqları arasında mehriban qonşuluq münasibətlərinin yaradılmasının vacib və arzuolunan olduğunu nəzərə alaraq hesab edir ki, bu və ya digər məsələlərlə bağlı aparılan bütün danışıqlar yalnız Azərbaycan Respublikasının müstəqilliyinin və suverenliyinin sovet hökuməti tərəfindən qeyd-şərtsiz tanınması şərti ilə baş tuta bilər”.

 

Bu nota Fətəli xanın ən çətin anlarda belə milli ləyaqət hissini uca tutduğunu göstərən bir nümunədir. Həmin notadan bir neçə ay sonra, 1920-ci il aprelin 28-də qırmızı ordu hissələri Azərbaycanın suverenliyini pozaraq, ölkəmizə soxuldular.

 

Fətəli xan Vətənini tərk edərək Gürcüstana getməyə məcbur oldu. Amma ölümdən qurtula bilmədi. Heç iki ay keçməmiş – 1920-ci il iyun ayının 19-da Tiflisdə erməni terrorçuları tərəfindən qətlə yetirildi. Fətəli xan çox qısa, 44 ildən bir qədər çox ömür yaşadı. Ömrü qısa olsa da, gördüyü böyük işlərlə adını Azərbaycanın müstəqillik tarixinə əbədi həkk edə bildi.