Nağıllar, hekayələr

Əshabi-Kəhf dağı haqqında əfsanə

Əshabi-Kəhf dağı İlandağı ilə Nəhacir dağının ortasında yerləşir, çox qədim zamanlardan bəri bu dağ haqqında qəribə hekayətlər, əhvalatlar yaranmışdır. 


Çox qədimlərdə Naxçıvan şəhərində Daqyanus adlı bir padşah var idi. Bir dəfə bu padşah öz xalqına elan etdi ki, o, yalnız padşah deyil, həm də Allahdır və xalqına əmr etdi ki, ona Allah kimi ehtiram göstərsin. Xalqın ona tabe olmaqdan və onu Allah kimi tanımaqdan başqa bir çarəsi qalmamışdı. Lakin aralarında Təmliha adlı bir nəfərin də olduğu əsilzadə mənşəli altı nəfər onu Allah kimi tanımaq istəməyərək və şəhərdə qalmaqdan qorxaraq öz aralarında belə qərara gəldilər ki, başqa şahlığa qaçsınlar. 


Gecə Təmliha və onun beş yoldaşı gizlicə şəhərdən çıxdılar və ertəsi günün axşamı bir təpənin yanına gəlib çatdılar, burada onlar dincəlmək və aclıqlarını yatırmaq üçün atlarından yerə endilər. Onlardan bir qədər aralıda qoyun sürüsünü otaran bir çoban var idi. Qaçqınların yemək-içmək azuqəsi olmadığından onlar çobandan xahiş etdilər ki, yemək üçün onlara nə isə versin. 


– Sənin yeməyə çörəyin varmı? – onlar çobandan xəbər aldılar. 


Çoban cavab verdi: 


– Vardır. 


Çoban yeməyə nəyi var idisə, onlara verdi. Padşahdan qaçmış altı nəfərlə görüşəcəyi haqda mələk tərəfindən öncədən xəbərdar edilmiş çoban xəbər aldı:


– Məgər siz Daqyanusdan qaçmış adamlardan deyilsinizmi? 


– Sən niyə belə düşünürsən? Sən bizi necə tanıdın? – tanınmaqdan təəcüblənmiş və qorxuya düşmüş qaçqınlar ondan xəbər aldılar. 


Lakin çoban onların narahatçılığını sezib söylədi ki, onların burada olacaqlarını öncədən bilirdi və onlara qoşulmaq üçün burada gözləyirdi, çünki o da onların etiqadlarını bölüşdürür və Daqyanusu Allah olaraq qəbul etmir. Qaçqınlar çobanı da öz sıralarına aldılar. Çoban qoyun sürüsünü sahibinə təhvil verdi. O, yeni yoldaşlarının yanına geri dönəndə ona yan alan bir qırmızı itə rast gəldi və it də onunla qaçqınların yanına gəldi. Qaçqınlar iti gördükdə qorxu içində qışqırışdılar: 


-O haradan bura gəldi? Onun bizim aramızda olmağı təhlükəlidir, o hürüşü ilə bizi ələ verər, bizi məhv edər.


Sonra onlar onu qovmağa başladılar, lakin bütün ciddi-cəhdləri boşuna getdi, nə qədər çalışdılarsa, o getmirdi. Nəhayət, qırmızı it adam səsi ilə danışdı: 


– Siz niyə məni qovursunuz? Mən bilirəm siz kimsiniz, mən bilirəm ki, siz təhlükədəsiniz və buna görə də kimsə sizi qorumalıdır. Mən bura sizə sədaqətlə xidmət etmək üçün, sizi qorumaq üçün gəlmişəm, mən getməyəcəyəm, mən sizin keşikçiniz olacağam, sizin keşiyinizi çəkəcəyəm. 


Qırmızı itin sözləri hamının xoşuna gəldi və qaçqınlar sevinə-sevinə ovçu iti öz yanlarında saxladılar. 


Digər bir rəvayətə görə, it kimlər tərəfindənsə öldürülmüşdü, onun basdırıldığı yerə çoban öz çomağını sancmış və həmin anda çomaqdan bir ağac böyüyüb qalxmışdı. Deyilənə görə, o ağac bu vaxtadək mövcuddur. Bu yerdə uzun vaxt qalmaq təhlükəli idi. Buna görə də naxçıvanlı qaçqınların altısı da çoban və itlə (birinci rəvayətə uyğun olaraq) burada qalmayıb öz yollarına davam etdilər. 


Yolda onlar dağ gördülər, ona yaxınlaşdılar və dağda bir mağaraya rast gəldilər, lap yaxınlığında bulaq var idi. Mağaraya giriş ağaclıq və əsasən də meyvə ağaclarından ibarət olan bağ ilə örtülmüşdü. Yer o qədər gözəl idi ki, yolçuların böyüyü Təmliha dedi: 


– Bundan gözəl sığınacaq tapa bilmərik. 


Onların altısı da dincəlmək üçün mağaraya girdilər. Bu vaxt Allahın göndərdiyi yuxu mələyi gəldi və özünün enli qanadlarını açdı, qanadları ilə onların üstünü örtdü və onları yatırtdı. Onlar mağarada dərin ölüm yuxusu ilə yatdılar. Bu arada Daqyanus padşah öyrəndi ki, Təmlihanın başçılığı altında onun altı təbəəsi ona Allah olaraq ehtiram etmək istəməyərək şəhərdən qaçıblar və indi mağarada gizlənirlər. Özünü Allah adlandıran öz hakimiyyətinə qarşı öz təəbələrindən açıq müqavimətlə qarşılaşmayan padşah qorxuya düşdü. O, ötkəmləri cəzalandırmaq üçün döyüşçülərini götürüb mağaraya tərəf yola düşdü. Gəlib mağara çatdı və nə gördü? 


Qaçqınlar mağarada dərin yuxu içində yatırdılar. Mağaranın girişində alov saçan qılınclarla silahlanmış döyüçşü mələklərdən dəstə dayanıb, qılıncları yellədərək adi insanlardan heç kimi mağaraya yaxınlaşmağa imkan vermirdilər. Padşah həqiqi Allahın bu qorxunc əzəməti qarşısında özünü itirdi, tabe oldu, boyun əydi və fikirləşdi “Mən haradan Allaham, hamı kimi mən də insanam, mağarada yatan, Allahın özü və mələkləri tərəfindən qorunan bu adamlar adi adamı Allah olaraq tanımaq istəməməklə ədalətli hərəkət etmişlər. Padşah heyrət içində olan və qorxudan donub qalmış döyüşçülərə üzünü tutub dedi: 


– Bunlar müqəddəs insanlardırlar. 


Sonra o, mağaraya yaxınlaşdı, daşlarla oranın girişini bağladı və dedi: 


– Allah uzun əsrlər boyunca sizi qorusun! 


Padşah gördüyündən heyrətlənmiş halda çıxıb getdi və həmin saat özünə Allah kimi ehtiram göstərilməsi haqqında olan əmrini ləğv etdi. Bu işin üstündən üç yüz doqquz il keçdi. Bu müddət ərzində mələk ildə bir dəfə mağaraya uçub gəlirdi. Üç yüz onuncu il gəlib çatdı. Tutqun bir gün idi. Göy üzü qara buludlarla tutulmuşdu. Günəş gizlənmişdi. Birdən dəhşətli qorxunc ildırım guruldadı, çox güclü qasırğa əsdi. Qasırğa mağaraya girdi, Təmliha və onun yol yoldaşlarını üç əsrlik dərin yuxudan oyatdı. Onlar mağaradan çıxdılar və nə gördülər? Nə bulaq vardı, nə də mağaranın girəcəyindəki meşə və ağaclıq. Bu nə deməkdir? Dünən onlar burada yıxılıb yatmışlar, vur-tut bir gecə keçmiş, amma birdən belə dəyişiklik baş vermişdir! – onlar düşündülər. Onlar belə düşünüb təəccübləndilər, üç əsrdən çox yatdıqlarını belə güman etmədilər. Təmliha acdıqlarını hiss etdikdə yoldaşlarına tez geri dönəcəyini deyib, şəhərə çörək almağa yola düşdü. O, şəhərə gəlib çatdı və bazarda öyrəndi ki, Daqyanus ölüb və indi burada müsəlman və xaçpərəst padşah vardır. Şəhərin qapısının üstündə “Allahdan başqa ilah yoxdur!” yazılmış bayraq asılmışdı. Bazarda, meydançalarda, küçələrdə, ümumiyyətlə, hər addımda Təmlihanın heyrət və təəccübü artırdı, hər addım böyük dəyişiklik görürdü. 


“Bu nə deməkdir? ”İki gün bundan əvvəl mən burada idim, onda bir şey görürdüm, indi isə başqa bir şey görürəm. Hətta heç bir tanışla belə rastlaşmamışam! Xalq da elə bil başqadır. Mən bütün bunları yuxudamı görürəm, mən hardayam?” – Təmliha düşünürdü. 


Təmliha özünə çoxlu suallar verir və onların heç birinə cavab tapa bilmirdi. Bu şəkk-şübhələr içində istər-istəməz o, öz vəziyyəti ilə razılaşdı və nəhayət, ac yoldaşlarının onun yolunu gözlədiklərini xatırladı, çörək satılan yerə gəldi. Satıcıya xırda gümüş verib çörək istədi. Çörək satan sikkənin üzərində padşah Daqyanusun təsvirini görüb Təmlihadan xəbər aldı: – Bu nə puldur? Sən bunu haradan götürmüsən? Sən yəqin padşah Daqyanusun xəzinəsini tapmısan? 


– Mən üç gün bundan əvvəl burada gilas satmışam və bunun müqabilində bu pulu qazanmışam, – Təmliha cavab verib getmək istədi. 


– Yox, mən səni buraxmayacağam. Sən bu sikkəni haradan götürdüyünü deməlisən. Sən bilirsən ki, Daqyanus padşah üç yüz il bundan əvvəl ölmüşdür və üzərində onun təsviri olan sikkələr artıq çoxdandır ki, dövriyyədə yoxdur. Deməli, sən bu padşahın xəzinəsini tapmısan və onu özündə gizlədirsən. Gedək padşahın yanına o, bu məsələni ayırd edər. Təəccüblənmiş və karıxmış Təmlihaya tabe olmaqdan başqa bir şey qalmadı. Onlar padşahın yanına gəldilər. Çörək satan padşahı məsələdən agah etdi, o, gümüş sikkə məsələsini padşaha xəbər verdi və belə bir ehtimal da irəli sürdü ki, çox güman ki, Təmliha ölmüş Daqyanus padşahın xəzinəsini tapıb. Müsəlman padşah dedi: 


– Təmliha, qorxma, həqiqəti aç, söylə. Yəqin sən bilmirsən ki, qanuna görə sən tapdığının yalnız beşdən birini mənim xəzinəmə verməlisən, qalan hissə isə sənindir. Təmliha and içir və padşahı inandırır ki, o, heç bir padşah xəzinəsi tapmamışdır və bu çörək satanın yalnız gümanı və uydurmasıdır. Onda padşah ona dedi: 


– Şəhərdə tanıdığın adamların adlarını mənə söylə, əgər onlar təsdiq etsələr ki, sən yaxşı adamsan və sənin heç bir yaramaz hərəkətini şahidi olmamışlar, onda mən səni sərbəst buraxacağam. Təmliha mindən çox adamın adını bir-bir saydı. Təəccüblü idi ki, onun adını çəkdiyi adamlardan heç biri sağ deyildi, o hər dəfə hər hansı bir adamın adını çəkdikdə bir cavab eşidirdi. “Ölmüşdür, ölmüşdür, ölmüşdür”. Padşah və onun adamlarını son dərəcə heyrətləndirən o idi ki, o yalnız ölmüşlərin adlarını çəkirdi, bir nəfər də olsun həyatda olanın adını çəkməmişdi. Padşah Təmlihadan xəbər aldı: 


– Sənin evin haradadır? 


Təmliha dedi: 


– Buradadır. Mən Daqyanus padşahın ən yaxın adamlarından biriyəm, əgər istəsə mən ona öz evimi göstərərəm və əgər padşah mənə şərəf göstərib evimi ziyarət etsə, mən çox şad olaram.


Padşah mühafizəçiləri və yaxın adamlarının müşayiətində göstərilən evə getdi. Qapını döydülər, amma heç kim açmadı, qapını sındırıb içəri keçdilər. Evin həyətində çox qorxunc bir kişiyə rast gəldilər. Padşah üzünü kişiyə tutub dedi: 


– Bax, bu adam deyir ki, bu ev onundur. 


Təmliha dedi: 


– Bəli, bu babamdan mənə miras qalmışdır. Bunu deyib həmin saat otaqdan bir taxt lövhə çıxardıb gətirdi. Lövhənin üzərində başda Təmlihanın adı olmaqla Daqyanusdan qaçmış altı şahzadənin yazılmış adlarını oxuyaraq xəbər aldı.


– Təmliha kimdir? 


– Mənəm, – Təmliha dedi. 


Qoca Təmlihanın sözlərini eşidərək üzüqoylu düşərək Təmlihanın ayaqlarını öpüb, ağladı və dedi: 


– Bu sənsən, mənim balam. 


Bu vaxt şəhərdə iki padşah – xaçpərəst və müsəlman padşah hakimiyyət sürürdü. Hər iki padşah Təmlihanın qalan yoldaşları ilə tanış olmaq üçün öz müşayiətçiləri ilə Əshabi-Kəhf dağına tərəf getdilər. Onlar artıq bu adamların kim olduqlarını, şəhərdən nə üçün qaçdıqlarını, üç yüz ildən yuxarı yatdıqları mağarada neçə xilas olduqlarını bilirdilər. Hər iki padşah Əshabi-Kəhfə yaxınlaşdıqda Təmliha onlara dedi: 


– Xahiş edirəm, burada gözləyin və mənə icazə verin ki, sizin gəlişiniz və görüşmək arzusunda olduğunuz barədə onları xəbərdar edim. Padşahlar razı oldular. Təmliha mağaraya daxil oldu, yoldaşları onu sorğu-suala tutdular, şəhərdə bu qədər çox qalmağının səbəbini xəbər aldılar. Yoldaşları dedilər ki, artıq onunla nə vaxtsa görüşəcəklərini güman etmirdilər. Elə düşünürdülər ki, o, Daqyanus tərəfinədən tanınmış və öldürülmüşdür. Təmliha dedi: 


– Qardaşlar, bizim bu mağarada olduğumuz vaxtdan bəri üç yüz doqquz il keçmişdir, bizə isə elə gəlir ki, bir gecə yatmışıq. Daqyanus padşahla bir xristian padşah hökm sürür. Onların hər ikisi buraya gəlmiş və sizinlə görüşmək arzusundadırlar. Bayıra çıxın! 


Yoldaşları ona dedilər: 


– Ey Təmliha, diqqətli ol, onlar bizi tutmaq və öldürmək istəyirlər. Allaha dua etməyə başlayaq və ondan xahiş edək ki, bizi həmişəlik yatırtsın! Padşahlar Təmlihanın və onun yoldaşlarının mağaradan çıxmasını çox gözlədilər, amma onlar mağaradan çıxmadılar. Onlar mağaraya girdilər və onları axtarmağa başladılar, lakin tapmadılar. Təmliha və yoldaşları möcüzəli bir şəkildə gözdən itmişdilər. Onda padşahlar başa düşdülər ki, onlar müqəddəs adamlar imiş və onlardan hər biri bu yerdə bir məbəd tikmək istədi. Müsəlman padşah xaçpərəst padşahı qabaqlayıb burada məscid tikdirdi. Əshabi-Kəhf dağının yanında tikilmiş məscid indi də mövcuddur. Yazın və yayın əvvəlində müsəlman dindarlar, möminlər buraya gəlir, bu məsciddə dua edir, altı müqəddəs insanın şərəfinə qurban kəsirlər. 


Əshabi-Kəhfin yaxınlığında Dəmçixana adlı bir dağ vardır. Bu mağaradakı su damcısını rəvayət belə izah edir. Təmliha və onun dostları Əshabi-Kəhfdə yatdıqları zaman mağaranın girəcəyində olan bulaq möcüzəli şəkildə Dəmçixana dağına keçmiş və müəyyən vaxtlarda bu mağaradakı su damcılarına çevrilmişdir. Naxçıvan tatarlarında belə bir inam vardır ki, öz taleyini bilmək istəyən hər bir kəs Dəmçixanaya getməli və oradakı mağaraya girib su damcısının başına damcıladığı vaxtadək orada dayanmalıdır. Damcının başına düşməsi həmin şəxsin arzusunun gerçəkləşəcəyi deməkdir. Əgər bu baş verməsə, nəzərdə tutulmuş işin uğurlu nəticəsini gözləməyə dəyməz.