Zahid Xəlil. Sonuncu güllə
Həmin gün şəhərə qəribə səssizlik çökmüşdü. Bu, adamlarda təşviş yaradırdı. Artıq neçə illər idi ki, Xocalı belə uzunsürən səssizlik görməmişdi. Günorta olmasına baxmayaraq, hələ də atışma səsləri eşidilmirdi.
Bunun nə demək olduğunu ilk anlayan aeroportu qoruyan dəstənin komandiri Əlif Hacıyev oldu. Onun əmri dəstənin bütün üzvlərinə çatdırıldı: – Hazır olun, bu sükutun sonu dəhşətli ola bilər.
Cəsarəti, igidliyi ilə döyüş dostlarının, şəhər əhalisinin məhəbbətini qazanan Əlif yalnız özünün bildiyi gizli rabitə vasitəsilə mərkəzə məlumat göndərdi: “Düşmən ciddi hücuma hazırlaşır. Rusların ağır hərbi texnikasından istifadə olunacağına şübhə etmirəm. Belə olsa, şəhərin müdafiəsi çox çətin olacaq”. Səngərlərdəki müdafiəçilər, şəhərin mülki əhalisi də xəbərdar edildi...
Xocalılar yanılmamışdı. Axşam, qaranlıq düşər-düşməz şəhər üç tərəfdən atəşə tutuldu. Ağır toplardan, tanklardan mərmilər yağdırılır, qumbaraatanların səsi qulaq batırırdı.
Qəzəbindən kağız kimi ağarmış Əlif paytaxta axırıncı məlumatını göndərdi: “Düşmən şəhərə hücum etdi. Bu, Xocalının sonu deməkdir”.
Cəmi iyirmi iki nəfərdən ibarət olan döyüşçülərini bir yerə toplayıb axırıncı əmrini verdi:
– Döyüşə hazır olun!
Düşmən əsas qüvvəsini aeroporta yönəltmişdi. Bunun belə olacağını bilən Əlif əvvəlcədən girişdə müdafiə istehkamları qurdurmuşdu. Birinci hücum asanlıqla dəf edildi. Vurulmuş düşmən tankı aeroportun qarşısında od tutub yanırdı. Müdafiənin güclü olması düşməni heyrətləndirdi.
İkinci hücum müdafiəçilərin arasında böyük itkiyə səbəb oldu. Ağır texnikanın yoxluğu, qumbaraatanların tükənməsi müdafiəçiləri çıxılmaz vəziyyətə salmışdı...
Düşmən üçüncü hücuma başlamazdan əvvəl müdafiəçilərin mövqeyini tanklardan və döyüş maşınlarından atəşə tutdu. Əlifin çağırışına cavab verən döyüşçülərin sayı get-gedə azalırdı. Dəstədən səkkiz nəfər sağ qalmışdı. Bu qüvvə ilə müdafiəni təşkil etməyin mümkün olmayacağını anlayan Əlif aeroportun dispetçer məntəqəsini partlatmağı qərara aldı. Ayrı-ayrı otaqlarda əvvəlcədən yerləşdirilmiş partlayıcıları qurğunun düyməsini basmaqla işə saldı. Dəhşətli gurultu bütün səsləri batırdı, bunun ardınca güclü yanğın başladı...
Dalbadal atılan fişənglər şəhərin küçələrini büsbütün işıqlandırırdı. Qadınlar, uşaqlar küçələrə tökülmüşdü. Hara gedəcəklərini kəsdirə bilməyən bu insanlar ya tank tırtıllarının altına düşür, ya da aramsız açılan atəşin qurbanına çevrilirdilər.
Əlif sağ qalmış dəstə üzvlərinə tapşırıq verdi:
– Nəyin bahasına olursa olsun, Ağdamın Şelli kəndinə gedən yolu açmaq, insanları xilas etmək lazımdır.
Şəhəri yaxşı tanıyan döyüşçülər adamları bir yerə toplayır, düşmənlərin girməyə macal tapmadığı küçələrdən keçirir, şəhərdən çıxmalarına yardım edirdilər. Əlifgil get-gedə şəhərin kənarına sıxışdırılırdılar.
Onlar üstlərinə gələn düşmənləri atəşə tutmaqla ləngidir, daha çox insanın şəhərdən sağ-salamat çıxmasına çalışırdılar. Əlif və onun sağ qalmış döyüşçü dostları böyük bir dəstə ilə şəhərdən çıxmağa başladılar.
Dəstədə uşaqlar və qadınlar daha çox idi. Buz bağlamış qarın üstü ilə yerimək çətin olsa da, onlar yavaş-yavaş irəliləyirdi. Əlif dəstədən xeyli irəlidə gedir, ətrafa diqqətlə nəzər salır, düşmən pusqusuna düşməmək üçün təhlükəsiz yol seçirdi.
Şaxta güclənir, yol uzanırdı. Uşaqlar ağlaşırdı. Anaları onları ovundurur, dilə tuturdular. Dəstə mümkün qədər səssiz hərəkət etmək əmrini almışdı. İnsan meyitləri yollara səpələnmişdi. Qarla örtülmüş çöllərdə az qala hər addımda qan gölməçələri tapdalanaraq əzilib qıpqırmızı palçıq yaratmışdı.
Əlif sarsıdıcı bir mənzərəyə rast gəldi. Cavan bir kişi 3–4 yaşlı qızını və oğlunu öz bədəni ilə örtmüşdü. Güllələr onun bədənini dəlik-deşik etmişdi. Uşaqların üst-başı atalarının qanına bulansa da, ikisi də salamat idi. Özündən asılı olmayaraq Əlifin yumruğu düyünləndi. Özünü balalarının yolunda qurban verən bu cavana baxıb “Qeyrətinə qurban olum!” dedi.
Əlif qəflətən dayandı. Yol təpəyə qalxırdı. Bu, onu həyəcanlandırdı. Pusqu üçün əlverişli yer idi. Geri qayıtdı. Döyüş dostlarına tapşırıq verdi: – Mən təpəyə qalxacağam. İşarə verməyincə yerinizdən tərpənməyin.
Atəş açılsa, düşməni ləngitməyə, adamları uzaqlaşdırmağa çalışın.
O, qaranlığa qovuşdu. Hamı nəfəsini dərmədən, qorxu və həyəcan içində gözləyirdi. Şaxta insanları qılınctək kəsir, hər dəqiqə bir il kimi keçirdi. Qəflətən təpənin lap başında od püskürdü, avtomat tüfəngdən atəş açıldı. Əlif yanılmamışdı, ermənilər təpədə pusqu qurmuşdu. Atılan güllələrdən biri Əlifin çiyninə, digəri qoluna dəymişdi. Güllələr onu yerə sərsə də, özünə tez gəldi. “Onların diqqətini yayındırmaq, başını qatmaq lazımdır” – fikrindən ilk keçən bu oldu. Uzanmış vəziyyətdə çətinliklə də olsa, yerini dəyişir, təpənin başında cəmləşmiş düşmənə atəş açırdı. İtirdiyi qan onu get-gedə taqətdən salırdı. Amma o, hər saniyəni qənimət bilir, düşmənin diqqətini özünə cəlb edirdi. Əlindəki avtomat susdu. Daraqda güllə qalmamışdı. Gərginlik son həddə çatmışdı.
Birdən-birə düşüncələrində bir aydınlıq yarandı, olub-keçənlər xəyalında canlandı. Xocalı aeroportunun komendantı olarkən Ermənistandan gələn çağırılmamış qonaqları elə gəldikləri təyyarə ilə dönə-dönə geri qaytarması, silah-sursatın gətirilməsinin qarşısını alması... Dumanlanmış şüurunda suallar doğdu: “Səhvimiz nədə olub? Vətənin xilası üçün daha nə etmək olar? Düşməni birdəfəlik necə susdurmalı?”. Tapançasında bircə güllə qalmışdı. Amma çox qan itirdiyinə görə gücü tükənmişdi, yeganə güllədən istifadə edə biləcəyinə ümidi yox idi. Birdən ermənilərin çox yaxınlıqda olduğunu duydu, hətta yaxşı bildiyi erməni dilindəki danışığı da ayırd etməyə başladı.
– Ara, deyəsən, bu türk hələ ölməyib...
– Yox, getmə. Birdən hiyləgərlik edər.
– Ara, qarın üstündə qanı görmürsənmi?! Çoxdan ölüb!
Əlif bu səsi tanıdı, danışan çəpgöz Akop idi. Eşitmişdi ki, Akop insanları işgəncə ilə öldürməkdə ad-san çıxarıb...
Az sonra bu yekəpər erməni göründü. Əlindəki silahı irəli uzadaraq qarın üstündə hərəkətsiz uzanmış Əlifə yaxınlaşdı, onun üzərinə əyildi, sevincini gizlədə bilməyib bağırdı:
– Aha, Xocalı qartalı! Deyəsən, ölürsən? Ölsən yaxşıdı, canın qurtarar.
Əlif bütün gücünü toplayıb tapançanın tətiyini çəkdi. Akop dibindən kəsilmiş ağac kimi yerə sərildi. Çaxnaşmaya düşən erməni yaraqlıları Əlifi gülləyə tutdular, ağır yaralanmış Akopu götürüb təpənin arxasına çəkildilər.
Əlifin tapança tutan əli qarın üstünə düşdü, gözləri yumuldu. O bilmədi ki, son gülləsi Xocalıdan Şelliyə pənah gətirən neçə həmyerlisini xilas etdi. Əlif onu da bilmədi ki, ölümündən sonra ona Milli Qəhrəman adı verildi. Haqqında dastanlar qoşuldu. Yüzlərlə ana təzə doğulan körpəsinə onun adını verdi...
20.10.2020