Xəbərlər

Fransada “Balaca şahzadə”nin parkı açılacaq

Bu yaxınlarda Fransanın şimal-şərqində Antuan de Sent-Ekzüperinin ən məşhur əsəri olan və 270-dən çox dilə tərcümə edilən “Balaca şahzadə”yə həsr olunmuş yeni əyləncə parkı açılacaq. 
 
Park yerə bərkidilmiş iki hava şarının ətrafında yaradılıb. Hava şarlarından tamaşaçılar Elzassın mənzərəli dağ massivi olan Vogezə tamaşa edə bilərlər. Yerdə isə onları heyvanlarla ünsiyyətdən tutmuş 3D kinoteatra qədər cürbəcür maraqlı əyləncələr gözləyir. Uşaqlar həmçinin Sent-Ekzüperinin uçduğu əsl biplan modelində də əyləşə bilərlər.
 
Parkın təşkilatçıları bu yeni əyləncə mərkəzinin ildə 150 min ziyarətçini cəlb edəcəyinə ümid edirlər. Park ilk növbədə 2 yaşdan 12 yaşadək uşaqlar və “nə vaxtsa uşaq olduqlarını xatırlayan böyüklər üçün” nəzərdə tutulub.
 
Xatırladaq ki, bu il Sent-Ekzüperinin boya-başa çatdığı malikanədə məşhur yazıçının ev muzeyinin açılması gözlənilir. Malikanə Fransanın Sen-Moris-de-Reman kommunasında yerləşir. Bu layihənin hazırlığı nə az nə çox düz 15 il çəkib.