Qızıl alma. Özbək xalq nağılı
Keçmiş zamanlarda iki qonşu yaşayırdı. Qonşulardan biri varlı idi, lakin uşağı yox idi, digərinin isə uşaqları çox, lakin kasıb idi. Çoxuşaqlı kasıb qonşunun evində gecə-gündüz səs-küy olurdu, varlı qonşuya dinclik vermirdilər. Bir gün varlı qonşu çıxıb:
- Sakit olmursunuz, yeməyə yeməyiniz yox, borcunuz var, həm də evinizdə gecə-gündüz səs-küy, gülüş səsləri olur. Bu nə deməkdir axı? –deyə bərkdən qışqırdı.
Bu zaman kasıb kişi cavab verdi:
- Ey qonşu, bizim qızıl almalarımız var. Onları yuvarlayıb, oynayırıq və əylənirik. Buna görə də evimiz gülüş səsləri ilə dolur.
Bu sözü eşidən zəngin qonşu sakitcə evinə girib arvadına dedi:
- Arvad, sandığı aç, qızılları götür, mən onları zərgərin yanına aparacam və onlardan iki qızıl alma düzəltdirəcəm, sonra biz də xoşbəxt olacağıq.
Arvad qızılları sandıqdan götürüb kişiyə verdi. Varlı kişi də onları zərgərin yanına apardı və qızıllardan iki qızıl alma düzəltdirdi. Varlı kişi almaları evə gətirdi və arvadla birlikdə onları yuvarlamağa başladılar. Ancaq onların heç biri gülmədi. Qızıl almalarla oynamaqdan yorulurdular və nə edək ki biz də kasıb ailə kimi xoşbəxt olaq, onlar kimi gülək deyə düşünməyə başladılar. Nəhayət, varlı qonşu yenidən kasıb qonşusundan bunun səbəbini öyrənməyə çalışdı:
- Qonşu, biz də arvadla evdə qızıl almalarımızı sizin kimi yuvarladıq, oynadıq, ancaq bizdə xoşbəxtlik olmadı. Bunun sirri nədir, söylə bir mənə?
Kasıb qonşusu:
Ey varlı kişi, bizim qızıl almalarımız, sevincimiz, xoşbəxtliyimiz məhz bizim balalarımızdır. Biz hər gün buna sevinirik, hər şeyi ailəmizlə bölüşürük, nəticədə problemlərimiz də unudulub gedir. Bunlardı bizim zənginliyimiz – deyə cavab verdi.
Tərcümə: Gülnar Nəzərova
17.04.2020