Səxavətli olmaq
Sədi Şirazinin "Bustan” əsərindəki hekayət əsasında
Şəhər hakiminin şöhrəti vilayətin hər yanını bürümüşdü. Xalq onun səxavətindən, xeyirxahlığından hər zaman ağız dolusu danışırdı. Çoxları tərəfindən sevildiyini duyan hakim isə bundan həddən artıq xoşhal olur, ruhi dinclik tapırdı. Onun bu ad-sanı qılıncla, qanlı döyüşlərlə qazanılmış ötəri şöhrət deyildi. Bu ad-san, illər keçdikcə şəhər hakimini daha da əliaçıq olmağa, varını paylamağa vadar edirdi. Şəhər hakim çalışırdı ki, çox işlər görüb özü haqda yayılan söz-söhbətləri daha uzaq ellərin dilinə salsın. Onu xeyirxah olmağa vadar edən hissinə özü də bilmədən şöhrətpərəstlik aludəçiliyi qarışmışdı. Düzdür, onun hakimiyyəti altında xalqın günü xoş keçirdi, o, ağır vergilərlə insanları incitmirdi, ancaq nədənsə onun şöhrətpərəstliyi çoxlarına əyan idi.
Şəhər hakimini narahat edən isə tamam başqa səbəb idi və həmin səbəb gecələr onun yuxusunu ərşə çəkirdi, dinclik nədir bilmirdi. Hərdən düşünürdü ki, bəlkə də, hər şeyə səbəbkar insanların qədirbilməzliyi, yaxşılıqları tez unutmasıdır. Sonra başqa səbəblər də axtarır və yaxası belə düşüncələrin əlində qalırdı.
Şəhər hakiminin gecələr yuxusunu ərşə çəkən, gündüzlər darıxdıran, hövsələdən çıxardan isə Hatəm adlı bir cavanın şöhrəti, xalq arasındakı nüfuzu idi. Bu cavan oğlanın əlində çox böyük imkanları olmasa da, bütün vilayətdə şöhrət tapmışdı və hamı onun xeyirxahlığından, görk əməllərindən, əliaçıqlığından danışırdı. Şəhər hakimi hər nə qədər ad, mənsəb sahibi olsa da, onun şöhrəti Hatəmlə müqayisə oluna bilməzdi.
Kimi danışdırırdısa Hatəm haqqında xoş sözlər deyirdi və belədə şəhər hakimi lap hövsələdən çıxır, əsib-coşurdu. Necə ola bilərdi ki, kasıb bir insan barədə xalq arasında bu qədər əhvalatlar, rəvayətlər dolaşsın? Bu xeyirxah işləri Hatəm hansı imkanların hesabına görür? Xeyirxahlıq etmək üçün onu nəyi var? O, bu sirrin qarşısında aciz idi...
Nəhayət, şəhər hakimi qəlbində anbaan artan narahatlığa son qoymaq qərarına gəldi. Qətiləşdirdi ki, Hatəmin boynunu vurdursun. Bunu etməklə məmləkətin yeganə və rəqibsiz xeyirxahı, şöhrətinə şöhrət çatmaz bir şəxs olacaqdı.
Bu qərarından sonra Hakim cəlladı yanına çağırıb dedi ki, Hatəm yaşadıqca mənim adım onun adının kölgəsində qalacaq. Mənim kərəmim, lütfüm xalqın gözündə onun əməlləri qədər uca olmayacaq. Sonra cəllada əmr etdi: "Get onun başını bədənindən ayır”.
Cəllad silahlanıb yola düşdü. Ancaq o, Hatəmin adını eşitsə də, üzünü görməmişdi. Xeyli yol gedəndən, bir neçə adamla soraqlaşandan sonra gəlib Hatəm yaşayan yerə çatdı. Qərarı belə oldu: Gecə bir yerdə dincəlsin, səhər isə Hatəmi tapıb, onun başını bədənindən ayırsın. Bu dəm bir cavana rast oldu və bu bilikli, xoşsifət cavan onu gecə evində qonaq saxladı.
Cəllada yemək-içmək verən, nəzakətlə davranan, hörmət göstərən bu cavan onun çox xoşuna gəldi. Səhər cavan oğlan cəlladı oyatdı və xahiş etdi ki, bir neçə gün də qalsın, ona bəs deyincə qulluq etsin, vilayətin gözəl yerlərini gəzdirsin. Ancaq cəllad razılaşmadı. Çünki şəhər hakiminin əmrini yerinə yetirməli idi. Cavan oğlan hakimin əmrini birgə yerinə yetirmək üçün ona kömək etmək istədiyini bildirdi. Cəllad cavanın yaxşı insan olduğunu görüb ona ürək qızdırdı, etibar etdi və Hatəmi axtardığını dilə gətirdi. Dedi ki, Hatəmin başını bədənindən ayırsam, şəhər hakim vəzifəmi daha da artıracaq və mənə çoxlu qızıl-gümüş bağışlayacaq. Onun bu sözlərini eşidən cavan oğlan ürəklə dedi:
– Buyur, kəs başımı, qarşında dayanan elə Hatəmdir. Canımı al, təki şəhər hakiminin sözü yerə düşməsin və sənin işin düzəlsin.
Bu sözləri eşidən cəlladın qəlbinin simi titrədi, ürəyi şan-şan oldu. Cavan oğlanın şəhər hakiminin əmrinin icra edilməsi və cəlladın vəzifəsinin artması üçün öz canından keçməyə hazır olması onu çox təsirləndirdi. Cəllad şöhrəti hər yanı bürümüş Hatəmin bu hərəkətindən peşman oldu. Qılıncını, yaraq-yasağını yerə atıb söz verdi ki, bir daha baş kəsib, qan tökməyəcək. Hatəmi bağrına basandan sonra isə atına minib saraya üz qoydu.
Saraya yetişən cəlladı görən hakim onun simasına baxan kimi anladı ki, o, əliboş qayıdıb. Cəlladın hünər göstərə bilməməsi şəhər hakimin bərk qəzəbləndirdi. Ona hansı igidin həmlə etdiyinin, yaraqsız-yasaqsız, məyus halda saraya dönməsinin səbəbini soruşdu. Cəllad yeri öpüb təmkinlə dedi: Hatəmdə elə xoş sifət, mərifət və mərhəmət gördüm ki, tutacağım işdən, törədəcəyim hadisədən və özümdən utandım. O cavan eşidəndə ki, mən onu öldürmək üçün gəlmişəm və hakimin əmrini icra edəcəyəm, o saat kim olduğunu gizlətmədi və mərdi-mərdanə canından keçməyə razı oldu. Çünki o sizin sözünüzün yerə düşməməsini, əmriniz icra edilməsini, mənim mövqeyim və vəzifəmin yüksəlməsini istədi. Bizi öz canından qiymətli bildi.
Şəhər hakimi cəlladın bu sözlərindən təsirləndi, belə bir iş tutduğuna, ümumiyyətlə, bu fikrə düşdüyünə görə peşman oldu. Cəllada çoxlu qızıl verib yola saldı və düşündü ki, zəmanə hələ ikinci Hatəmi yetirməyib, o, xeyirxahlıqla əkiz doğulub və onun səxavətinin qiyməti pul-parayla ölçülə bilməz. Hatəm hökmdardan tutmuş ən sadə adamın yolunda belə canından keçə bilər. Bundan sonra şəhər hakiminin qəlbinə səxavətli, xeyirxah olmaqla bağlı bu fikirlər əbədi hakim kəsildi: Xeyirxah olmaq, mal-mülk paylamaq deyil, vətən, xalq, millət, hökmdar və insanlıq üçün hər zaman olanını əsirgəməmək, yeri gələndə canından keçməyi bacarmaqdır...
14.03.2020