Bir zamanlar yer üzündə Sərt Gil yaşayırdı. İnsanlara əziyyətdən başqa bir şey vermirdi. Çox quru və hissiz idi. Kiməsə yaxşılıq etməkdənsə çatlayardı.
Bir gün onun yanına Su gəlir.
- Məsləhət görürəm ki, bir az mülayim olasan. O zaman insanlara yaxşılıq edib həyatlarını yüngülləşdirərsən, - deyib Gilə toxunur. Gil də həmin an mülayimləşib yumşalır. Suyun köməyi ilə elə yumşalır ki, ondan hətta qab da düzəltməyə başlayırlar.
- İndi biz bir yerdə insanlara yaxşılıq etməyə başladıq, insanları yedirmək, içirrmək üçün qaba döndük. - Su deyir. - İndi isə mən buxarlanıb aradan çıxım.
- Deyirsən ki bir yerdə kömək edərik, amma özün buxarlanıb qaçırsan. Bir də ki bizdən artıq qab düzəldiblər də...
- Hələlik! Sağ ol! – Deyə Su sözünə davam edir. – İnsanlara faydalı olmaq üçün qablar sərt olmalıdır və su buraxmamalıdır. Mənimlə birgə isə sən heç vaxt sərt ola bilməzsən. Ona görə də - Əlvida!
- Axı sən deyirdin ki yaxşılıq etmək üçün mülayim, yumşaq olmaq lazımdır. İndi isə deyirsən ki sərt ol...
- Hər şeyi düz demişəm, - deyə Su cavab verir. – Bayaq sən sadəcə Gildin, ona görə də səndən nə isə düzəldib ona şəkil vermək üçün yumşalmağın lazım idi. İndi isə artıq qab olmusan. Artıq sənə bərklik lazımdır.
Su buxarlanandan sonra Gil fikrə gedir:
- Belə çıxır ki, yaxşılıq etmək elə də asan iş deyilmiş. Əgər yaxşılıq etmək istəyirsənsə nə vaxt yumşalıb, nə vaxt sərtləşməyi bilməlisən.