Xəbərlər

Müasir uşaqlar valideynlərinin uşaq vaxtı gəzdiklərindən daha çox səyahət edirlər

Müasir uşaqlar valideynlərinin uşaq vaxtı gəzdiklərindən xeyli çox səyahət edirlər. Son sorğular göstərir ki, uşaq 16 yaşına qədər 11-ə qədər yerdə olur. Böyük Britaniyada çıxan “The Telegraph” qəzetinin yazdığına görə, uşaqlar 16 yaşına qədər, orta hesabla, təxminən 22 min kilometr məsafə qət edirlər, halbuki valideynləri onların yaşında xeyli az - təxminən 4 min kilometr məsafə qət etmişlər. Bu məlumatlar Fransanın “Club Med” otellər şəbəkəsinin apardığı tədqiqat zamanı üzə çıxmışdır. Rəyi soruşulan valideynlərin dörddəüç hissəsi bildirmişdir ki, uşaqlarının mümkün qədər çox səyahət etmələrini istəyirlər. Tədqiqat onu da göstərmişdir ki, uşaqlar məmnuniyyətlə yerli mətbəxin yeməklərinin dadına baxırlar və artıq 16 yaşına çatanda, orta hesabla, 7 delikatesin dadını bilirlər. Valideynlərin təxminən 44 faizi etiraf etmişdir ki, həmin yaşda eksperiment edib tanımadıqları xörəkləri yemək arzusunda olmamışlar.