Xəbərlər

Şəkidə yeniyetmə rəssamın “Mənim balaca dünyam” adlı sərgisi açılıb

Şəki Dövlət Rəsm Qalereyasında yeniyetmə rəssam Əfsanə İsmayılovanın “Mənim balaca dünyam” adlı fərdi sərgisi açılıb. Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunan sərgidə yeniyetmə rəssamın 30-dək rəsm əsəri nümayiş etdirilir.

 

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, sərginin açılış mərasimində rəsm qalereyasının direktoru İlahə Məmmədova çıxış edərək, rəssamın yaradıcılığı barədə məlumat verib. Bildirilib ki, Şəki şəhərindəki 1 saylı tam orta məktəbin 8-ci sinfində və 1 saylı Uşaq İncəsənət Məktəbinin rəssamlıq şöbəsində təhsil alan Əfsanə İsmayılova yaşının az olmasına baxmayaraq, artıq müəyyən uğurlar qazanıb, Bakı və Şəki şəhərlərində keçirilən rəsm müsabiqələrində fərqlənib, fəxri fərman və diplomlarla mükafatlandırılıb.

 

Rəssamın müəllimi Səbuhi Məmmədov çıxışında Əfsanənin çox maraqlı kompozisiyaları, zəngin fantaziyası və gözəl rəng dünyası olduğunu diqqətə çatdırıb.

 

Sonra sərgi iştirakçıları rəsmlərlə tanış olublar. Sərgi dörd gün davam edəcək.