Yuri Sotnik. Gürzə
Borya nənəsi ilə görüşüb vaqona girdi. Bir əlində iri zənbil, o biri əlində içində göy rəngli şüşə banka olan parça çanta tutmuşdu.
Vaqon dolu idi. Kupelərdən birində pəncərənin yanında oturmuş panamalı bir qoca Boryaya öz yanında yer verdi. Borya təşəkkür etdi, zənbilini və çantasını skamyanın altına qoyub əyləşdi.
Vaqondakıların çoxu yatırdı. Borya gələnə qədər sükutu yalnız təkərlərin taqqıltısı pozurdu. İndi bu yeknəsəq səsə skamyanın altından gələn qəribə xışıltı da əlavə olunmuşdu.
Panamalı qoca Boryanı söhbətə tutdu:
– Yükünüz heç boyunuza görə deyil.
– Yox, yüngüldür. Suda-quruda yaşayanlar və sürünənlərdir.
– Bunu necə başa düşək: suda-quruda yaşayanlar və sürünənlər?– deyə Borya ilə üzbəüz oturan eynəkli sərnişin söhbətə qoşuldu.
– Yəni qurbağalar, kərtənkələlər, koramallar... Biz məktəbdə terrarium hazırlayırıq.
Söhbət qalan sərnişinləri də maraqlandırdı. Bu diqqət, deyəsən, Boryanın xoşuna gəlmişdi. O, həvəslə danışmağa başladı:
– Bilirsiniz, biz məktəbə nə qədər xeyir gətiririk... Zoomağazada bir koramal yeddi manat yarımdır, onu da əgər tapsan! Onları tutmağa xeyli vaxt sərf etmişəm. Qurbağalarla elə də çətin olmurdu, kərtənkələlərə də tez-tez rast gəlirdim, amma koramallar...
Təhlükəli işdir.
İndi, demək olar ki, bütün vaqon söhbətə qulaq asırdı. Hər yerdən gülümsər üzlər boylanırdı, xəfif gülüş və astadan deyilən sözlər eşidilirdi: “Gülməli oğlandır! Balacadır, amma necə düşüncəlidir!”
– Hələ bunlar bir yana, – Borya sözünə davam etdi. – Ən təhlükəlisi gürzəni tutmaqdır. Mən onu dörd saat güdmüşəm. O, daşın altına girdi, mən isə onu gözlədim. Sonra o çıxdı, mən də onu tutdum...
– Deməli, gürzə də aparırsan? – eynəkli sərnişin onun sözünü kəsdi.
– Hə, o, bankadadır, ayrıca.
Sərnişinlərin üzləri ciddiləşdi. Təkcə eynəkli sərnişinin yanında oturan cavan leytenant hələ də gülümsəyərək:
– Bəlkə, bu heç gürzə deyil? O da koramaldır.
Borya incidi:
– Deyirsiniz, mən koramalı gürzədən seçə bilmirəm?
O, çantanı skamyanın altından çıxartdı. Eynəkli sərnişin dedi:
– Qırx il ömür sürmüşəm, amma gürzəni koramaldan ayıra bilmərəm.
– Amma məktəbinizdə terrarium olsaydı, ayıra bilərdiniz, – deyə qoca ona cavab verdi.
– Koramalın başında balaca sarı ləkələr olur, – deyə Borya bankanı çantadan çıxara-çıxara dedi. – Gürzədə isə belə ləkələr... – o, birdən susdu, sifəti çox ciddi ifadə aldı, əyilib skamyanın altına baxdı, sonra diqqətlə ətrafına göz gəzdirdi.
– Nə olub, yoxdur? – deyə kimsə soruşdu.
– Burada idi... Əsgi açılıb. Mən onu çox bərk bağlamışdım, o isə... görürsünüz? – Borya boş bankanı sərnişinlərə göstərdi.
– Belə də iş olar?! – deyə eynəkli sərnişin mızıldandı. – Belə çıxır ki, o, indi haradasa buralarda sürünür.
Vaqonda səslər eşidildi.
– Maşa xala! Orada ehtiyatlı olun. Skamyaların altında gürzə sürünür.
– Necə yəni gürzə?..
Səs-küyə qaçıb gəlmiş bələdçi qız Boryanın üstünə qışqırdı:
– İndi gir skamyanın altına, ilanını tut! Nə baxırsan?! Mən sənin yerinə ora girəcəyəm? Gir, sənə deyirəm!
Borya skamyanın altına girəndə bələdçi qız onun çəkməsindən yapışıb əvvəlkindən də bərk qışqırdı:
– Sən nə edirsən? Dəli olubsan?.. Çıx! Çıx, deyirəm sənə!
– Bəsdir, dostum, dəlilik eləmə,– deyə leytenant başabəla ovçunu skamyanın altından çıxartdı.
Bələdçi qız qatarın böyüyünə xəbər verməyə getdi. Leytenant, iki tələbə və daha bir neçə nəfər gürzəni axtarır, qalanları zəhərli ilanlar haqqında söhbət edirdilər.
Qəflətən sərnişinlərdən biri qışqırdı:
– Tapdım! Buradadır!
Elə bil vaqonun özü də rahatlıqla nəfəs aldı və təkərlər daha şən taqqıldamağa başladı.
Nəhayət, qatarın böyüyü və əlində maşa tutmuş bələdçi qız gəlib çıxdılar. Deyəsən, onların fikri gürzəni öldürmək idi. Vaqona sükut çökdü. Hamı məsələnin nə ilə qurtaracağını gözləyirdi.
Leytenant gözü yaşarmış Boryaya baxıb ucadan dilləndi:
– Deyəsən, axı, doğrudan da, yaxşı çıxmır. Öldürmək, mənim fikrimcə, düzgün deyil. Yoldaşlar, bəlkə, öldürməyək, hə?
– Bəs, sizcə, nə etmək lazımdır?– deyə eynəkli sərnişin soruşdu. Leytenant dedi:
– Əfv edək gürzəni. Oğlan onu əyləncə üçün aparmır axı. Bir ona baxın, görün nə qədər işləyib, zəhmət çəkib!
Çaşıb-qalan sərnişinlər susurdular. Qatarın böyüyü leytenanta baxdı:
– Vətəndaş, sərnişinlərə bir şey olsa, bizi məsuliyyətə cəlb edə bilərlər! – Gürzəni öldürsəniz, başqa şeyə görə cəlb edərlər.
– Nəyə görə?
– Necə yəni nəyə görə? Məktəb ləvazimatını korladığınıza görə!
Hamı güldü, sonra mübahisə etməyə başladılar:
– Məktəbdə onsuz da gürzəni saxlamazlar.
– Saxlayarlar, amma biologiya müəlliminin nəzarəti altında.
– Elədir, ancaq gürzəni Boryaya vermək təhlükəlidir.
– Birdən o, yenə gürzəni tramvayda, ya metroda əldən buraxar!
– Buraxmaram! And içirəm, buraxmaram! – Borya ümid yeri olduğunu görüb həyəcanla qışqırdı.
– Bəs birdən ilan onu çalsa, necə?!
– Çalmaz! Mən ehtiyatlı olaram.
Borya bu sözləri elə ürəklə dedi və sərnişinlərə elə baxdı ki, yaşlı bir qadının ürəyi yumşaldı:
– Bir də buraxmaz, əmisi, indi bilir daha... Həm də başa düşmək lazımdır axı: başqa uşaqlar tətil vaxtı oynayırlar, əylənirlər, o isə bütün yayı bu heyvanlarla əlləşib.
– Düzdür, başqasının əməyinə hörmətlə yanaşmaq lazımdır, – deyə panamalı qoca da razılaşdı.
Eynəkli sərnişin başını qaldırdı:
– Siz burada filosofluq edirsiniz... Bəs uşağı ilanla birgə evinəcən kim ötürəcək?
Leytenant:
- Mən ötürərəm, – dedi.
Qatarın böyüyü qaşqabaqla sərnişinləri süzdü və bələdçi qıza tərəf döndü:
- Yaxşı, xəkəndazı gətir. Onu ilanın altına salıb maşa ilə sıxarıq!
On dəqiqə sonra gürzə yenə bankada, ağzı bu dəfə çox etibarlı bağlanmış banka isə leytenantın dizləri üstündə idi. Sevincindən işıq saçan Borya leytenantın yanında sakitcə oturmuşdu.
Düz Moskvayacan sərnişinlər öz məktəb illərindən xatirələr danışdılar. Vaqonda hamı çox şən idi.
18.05.2019